31 İyul 2021 15:52
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolumuz qədim Quba şəhərinədir. Amma bu dəfə getdiyimiz yerin tarixindən yazmayacağıq, tarix yazan qəhrəmanların övladları ilə bir gün keçircəyik. Hələlik yoldayıq, mənzil başına çatmağa səbrsizlənirik...

Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində “Zəfər” düşərgəsinin bağlanış mərasiminə qatılacaqdıq.

Şəhid yadigarları 5 gün ərzində komandalar şəklində maraqlı yay tətili keçirdiklərini deyirlər. Layihənin təşkil olunmasında yaxından iştirak edən Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadənin sözlərinə görə, ilk gün uşaqların düşərgəyə adaptasiya müddəti vaxt alsa da, növbəti günlərdə bütün fəaliyyətlərə qoşululbar. Deyir ki, düşərgə proqramı hazırlananda uşaqların 4 istiqamətdə inkişafı nəzərə alınıb:

“Uşaqlar gələndə ünsiyyətlərində qırıqlıq vardı. Amma artıq hər biri öz fikirlərini rahatlıqla ifadə edə bilirlər. Psixoloji, fizioloji, intellektual və sosial inkişaf istiqamətində dərslərin keçirilməsinə üstünlük verdik.

İstiqamətləri təkmilləşdirmək üçün fəaliyyətlərdən biri aikido dərslərimiz oldu. Bu, uşaqların fiziki inkişafına dəstək göstərir. Məqsəd hər bir şəxsə özünü müdafiə bacarığının öyrədilməsidir”.

Düşərgəni daha maraqlı edən məqamlardan biri də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən keçirilən təlimlər idi. Onlar uşaqlara iplərin növləri, hündürlükdən xilasetmənin nümunəsini ayırd edən məşqləri göstərirdilər. Bu fəaliyyət zamanı uşaqlarda hündürlükdən endiklərinə görə risk və qoruxlarına qalib gəlmə bacarığı inkişaf edir.

Düşərgədə kinoloqlar xilasetmə tədbirləri zamanı mərhələləri izah edirlər. Burada partlayıcı maddələrin axtarılmasında və insanların xilas edilməsində iştirak edən təlim itləri də var. Uşaqlar itlərlə birlikdə birbaşa praktik məşqlərə qoşulurlar.

Uşaqlar düşərgənin sonuncu günündə sərbəst şəkildə çadır qururdular. Burada onlara çöl şəraitində çadır qurma qaydaları, təhlükəsizliyin təmin olunması, tonqal qalmaq üsulu ilə bağlı məşqlər keçilirdi.

Rüfət Əsədzadə deyir ki, düşərgədəki təlimlərdən sonra bəzi iştirakçılarda hətta ixtisas seçimi dəyişib: “STEAM təlimlərdə mikrobit və 3D printerlərindən istifadə öyrədilir. Uşaqların xəyal dünyasının zənginləşdirilməsi üçün onlar sərbəst şəkildə öz görmək istədikləri 3D dizaynlarını hazırlayırlar. Sistem təlimlərinə daha çox maraq var var. Burada robotexnika və dron mühəndisliyinə daha böyük maraq olduğu aşkarlandı. Hazırda oradan bir neçə uşaq seçilir və növbəti illərdə texnofestivalda iştirak üçün hazırlanacaqlar”.

Günə idmanla başlamaqla yanaşı, düşərgə iştirakçıları məşhur idmançılarla da görüşmək şansı qazandılar. Əyləncə saatları, öyrədici təlimlər, psixoloqların tərəfindən keçirilən təlimlərdə də iştirak edən balaca qaliblər ekskursiya çərçivəsində Qubanın təbiəti ilə də tanış oldular. Bütün bunlarla yanaşı, şəhid övladları düşərgədə yeni dostlar qazandılar.

Fürsət tapmışkən STEAM dərslərində iştirak edən balacalarla ünsiyyətdə olduq. Xüsusi Təyinatlı Dəstənin üzvü olmuş şəhid Camal İsmayılzadənin qızı Əsmərlə söhbətləşdik. Diş həkimi olmaq istəyən Əsmər deyir ki, bacısının yaşı az olduğu üçün düşərgəyə tək gəlməli olub: “Düşərgə çox xoşuma gəlir. Burada ən çox 3D qələmlə işləməyi öyrənirəm. Müəllimimiz ev düzəltməyi tapşırıb, mən də hazırda onu hazırlayıram.

STEAM mərkəzində uşaqların maraq dairələrinə uyğun olaraq dron və robotexnika dərsləri də keçirilir. Aprel döyüşləri iştirakçısı şəhid Asim Məmmədovun adını daşıyan Asim daha çox robotexnikaya həvəs göstərir: “Düşərgədə maraqlı vaxt keçirirəm. Ən çox steam və FHN-nin təşkil etdiyi təlimləri bəyəndim. Robotexnika ilə məşğulam. Daha çox insanabənzər robotu, həmçinin 3D dizaynını xoşladım”.

Şəhid Eldar Abdullayevin qızı Asya Abdullazadə isə mərkəzdəki mikrobit dərslərini bəyənib: “Ən çox informatika, 3D dizaynla maraqlanıram. 5 günümüz çox əyləncəli keçdi. Bura maraqlıdır. Düşərgədə ən çox aikido və kapuera dərslərini öyrəndik”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələndiklərini deyir: “2 ay əvvəl Təhsil Nazirliyi ilə birlikdə layihəyə start verdik. Layihənin ən üstün cəhətlərindən biri də STEAM məktəbinin təşkilidir. Düşündük ki, qəhrəman şəhidlərimizin övladları belə intellektual layihələrə cəlb olunmaqla həm də səmərəli biliklər əldə edəcəklər.

Bu gün layihənin bağlanış mərasimidir. Hesab edirəm ki, onları elə böyütməliyik, qəhrəman şəhidlərimizin ruhu şad olsun, onlar bizə əmanətdilər. Əmanətə sahib çıxmağı bacarmalıyıq. Əminəm ki, düşərgənin sonunda övladlarımız STEAM layihəsindən bəhrələnəcəklər”.

Düşərgədə 12-16 yaş aralığında müxtəlif bölgələrdən şəhid ailələrinin övladları iştirak edirdi. Sevinc Orucova bildirir ki, qarşıdakı illərdə layihə davam etdiriləcək: “Gələn illərdə də bu yaş həddinə çatacaq şəhid övladlarını layihəyə cəlb etməyi düşünürük. Müəllim və təlimçilərin rəyi əsasında daha az yaşlı şəhid övladları da layihədə iştirakçı ola bilər. STEAM layihəsindən sonra müəllimlərin, təlimçilərin xasiyyətnamələrini toplayıb, daha bacarıqlı övladları seçəcəyik. Daha əvvəl də “Bakutel” sərgisində Aprel şəhidi övladlarının iştirakını təmin etmişdik. Düşünürük ki, onlar arasından festivallarda iştirak edəcəkləri seçək".

Düşərgənin təşkil olunmasında Azərbaycan Müəllimlər Assosiasiyasının üzvləri də yaxından iştirak ediblər. İsmayıllı rayonunda fransız dili müəllimi işləyən Nizami Məmmədov layihəyə könüllü qoşulduğunu deyir: “Burada uşaqlarla ictimai, vətənpərvərlik, sosial əhatə mövzularında söhbətlər apardıq. STEAM mərkəzində maraqlı sahələrlə tanış oldular. Bu, onların gələcək dünyagörüşünün artmasında rol oynayacaq”.

Düşərgənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olundu. Mərasimdə Bakı Dövlət Sirkindən gəlmiş heyət uşaqlar üçün əyləncəli proqramla çıxış etdilər.

Qeyd edək ki, iyulun 25-dən start verilən “Zəfər” düşərgəsinə 74 şəhid övladı qatılıb.


Müəllif: Aysel Azad, Foto: Pərviz Həşimi

Oxşar xəbərlər