Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavblandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Musa müəllim, ölkəmizdə koronavirusa qarşı mübarizənin təşkilində ümumi səyləri necə dəyərləndirmək olar?
- Pandemiya hələ bitməyib. Nə zaman bitəcəyi də məlum deyil. Bu, dünyanın tarixdə üzləşdiyi, bəlkə də, ən mürəkkəb, uzun müddətli və tez-tez öz formasını dəyişən dalğavari bir prosesdir. Bütün dünya ölkələri pandemiya ilə mübarizəni özlərinin daxili siyasətinin ən vacib istiqaməti kimi müəyyən ediblər. O cümlədən pandemiyaya qarşı effektiv mübarizənin təşkili üçün beynəlxalq güclərin birləşdirilməsi ilə bağlı da çağırışlar edilib. Bu çağırışlardan birini də Qoşulmama Hərəkatının rəhbəri kimi cənab Prezident İlham Əliyev edib. Dövlət başçısının təşəbbüsü ilə BMT-nin iki xüsusi sessiya çağırılıb. Bu sessiyalar pandemiyanın mənfi təsirlərinin azaldılması və pandemiya ilə mübarizədə güclərin birləşdirilməsi ilə bağlı olub.
- Uzun müddətdir ki, vaksinasiya prosesi gedir. Dünyada vaksin vurdurmaqla bağlı bölgünün qeyri-bərabər edilməsi yoluxma sayına təsir edir, artır. Bu fikirləri əsaslı hesab etmək olarmı?
- Vaksin möhtəkirliyi, monopoliyası ilə əlaqədar cənab Prezident tərəfindən dünya birliyinə, geniş ictimaiyyətə çox ciddi və səfərbəredici müraciətlər olub. Çünki istehsal olunan vaksinlərin 80 faizindən çoxunu yalnız zəngin ölkələr alır. Onlar öz vətəndaşlarını vaxtında vaksinasiya edib pandemiyanın təsirlərini öz ölkələrində zəiflədə bilirlər. Amma yoxsul ölkələr bu imkanlardan məhrumdur. Bu da sözsüz ki, ümumi bir bəla olan virusun yenidən artmasına, daha geniş kütləni əhatə etməsinə səbəb olur.
- Azərbaycanın pandemiyaya qarşı mübarizədə atdığı addımların əhəmiyyəti necə qiymətləndirilir?
- Pandemiya başlayandan və bütün güclər səfərbər edildikdən sonra ölkəmiz də bu bəla ilə mübarizədə özünün addımları ilə mühüm töhvələr verib. Bu məqsədlə Azərbaycan dövləti 10 milyon dollar məbləğində BMT-yə ianə edib. Eyni zamanda 30-dan artıq ölkəyə dövlətimiz birbaşa yardımlar göndərib. Bununla yanaşı ölkəmizdə də cənab Prezidentin tapşırığı və rəhbərliyi ilə olduqca böyük təşkilatı işlər görülüb. Bu məqsədlə səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, kadr təminatı və müxtəlif ölkələrdən tibbi ekspertlər dəvət edilib. Xaricdən dəvət olunmuş tibb heyəti sözsüz ki, öz təcrübəsini azərbaycanlı həkimlərlə bölüşüb. Qısa zaman ərzində ölkəmizdə 40-dan artıq laboratoriya yaradılıb. 50-yə yaxın tibb müəssisəsi pandemiya ilə mübarizə üçün ayrıldı. Bununla yanaşı ölkəmizdə iqtisadi, sosial müdafiə sahəsində də böyük işlər görüldü. Yoluxma sayının azaldılması üçün bir neçə dəfə sərt karantin rejimi tətbiq edildi.
- Virus dayanmadan mutasiyaya uğrayır. Bu da sözsüz ki, bəzi vaksinlərin təsirini azaldır. Prosesin qarşını almaq üçün daha hansı ciddi adımmlar atılmalıdır?
- Bu ilin əvvəlindən dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada Azərbaycanda vaksinasiyaya başlayıb. Artıq 4 milyon dozadan çox vaksinasiya prosesi həyata keçirilib. Buna baxmayaraq bir çox qonşu ölkələrdə yeni bir Delta ştammı sürətlə yayılmaqdadır. Bu amil də artıq insanları narahat edir. Təəssüflər olsun ki, Azərbaycanda azda olsa, Delta ştammının müəyyən edilməsi ilə bağı siqnallar daxil olur.
- COVID-19-a yoluxma sayında yenidən artım müşahidə olunur. Gedişatı necə dəyərləndirmək olar?
- Yay dövrü ərazində karantin rejimi yumşaldıldı, gediş-gəliş artdı, bir çox iaşə müəssisələri, idman salonları, restoran və kafelərin fəaliyyəti bərpa olundu. Eyni zamanda açıq havada maskanın yalnız tövsiyə xarakterli olması, toyların keçirilməsi də yoluxmada mənfi tendensiyaya təsir edib. Sözsüz ki, yay fəsli ilə əlaqədar da insanlarımızın görünür bir qədər məhsuliyyət hissi aşağı düşüb. Bu da yoluxmada artıma səbəb olur. Hər gün yoluxma statistikası böyük narahatçılıqla izlənilir. Çünki son günlər həm yoluxanların, həm də virusdan ölənlərin sayında artım müşahidə olunur. Paralel olaraq reanimasiyadakı ağır xəstələrin sayı da durmadan artır. Bu da ölüm sayındakı mənfi tendensiyanın artması riskini yaradır.
- Yoluxmanın artmasının qarşısını almaq üçün nələr edilməlidir?
- Ənənəvi virusdan müdafiə tədbirləri gücləndirilməlidir. Sosial məsafə, maska rejimi və gigiyena qaydalarına ciddi riayət olunmalıdır. Əsas da vaksinasiyaya daha çox cəlb olunmaqla bu tendensiyanı azaltmaq olar. Vaksinasiya Azərbaycanda könüllü olaraq həyata keçirilir. İnsanlar şüurlu şəkildə bunu dərk edib həyata keçirməlidir. Hər kəs başa düşməlidir ki, vaksin olunmayan bir nəfər, vaksin olunan digər kollektiv üzvlərini də təhlükə qarşısında qoyur. Eyni zamanda təcrübə göstərir ki, vaksin olunan şəxs yenidən koronavirusa yoluxarsa, o bu xəstəliyi olduqca yüngül keçirəcək və onun ölüm təhlükəsi də yoxdur. Amma vaksin olunmamış şəxs virusa yoluxacağı təqdirdə xəstəliyi ağır keçirir və ölüm təhlükəsi riski də yüksəkdir.
- Yenidən qapanmaların olması ehtimalı nə dərəcədə güclüdür?
- Yenidən sərt qapanmaya gediləsi olsa, bu, insanlarda bir çox sosial, psixoloji gərginliklərə səbəb olacaq. Ötən qapanmalarda bu açıq şəkildə müşahidə olundu. Amma bu hallar təkarlanmasın deyə tövsiyəmiz ondan ibarətdir ki, vaksinasiya prosesinə insanlar daha aktiv qoşulmalıdır. Bununla bağlı təbliğat işi daha da gücləndirilməlidir. İnsanlar da çalışmalıdır ki, maksimum şəkildə özlərini qorusunlar.