Gözlənildiyi kimi oldu, ənənəvi təhsilə qayıtmaq barədə qərar verildi. Onsuz da təhsillə bağlı kifayət qədər problemlər var. Dərslərin onlayn, yaxud hibrid formada keçirilməsi təhsilin keyfiyyətinə müəyyən dərəcədə mənfi təsir göstərdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, ənənəvi tədrisin bərpası müəyyən problemləri yenidən gündəmə gətirib: “İki il əvvəlki tədris sisteminə qayıdırıq. Təhsildə kifayət qədər problemlər var. Problemlərin həlli ilə bağlı ciddi tədbirlər görülməlidir. Məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinin tabeliyində qalması ciddi problemdir, onlar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır.
Bu gün ümumtəhsilin idarəolunması prinsipləri gözlənilmir. Kadrların seçimində, dərsliklərlə bağlı kobud, ciddi səhvlər var. Təhsil proqramlarının mənimsənilməsi, müəllim peşəkarlığı ilə bağlı problemləri də kənara qoymaq olmaz. İllərdən bəri yaranmış problemlər həllni tapmır. Bunun da əsas səbəbi təhsilin struktur bölmələrinə ayrı-ayrı kənar sahələrdən insanlarının gətirilməsidir.
Məktəb direktorlarının təyinatında, məktəblərin idarə edilməsində, rayon təhsil şöbələrinin məsləhətçilərinin təyin olunmasında da yüzlərlə problemlər var”.
Elşən Qafarovun sözlərinə görə, təhsil müəssisələrinə nəzarət mexanizmi işlək deyil: “İllərdir ki, Təhsil Nazirliyi heç bir hüquqi əsası olmayan bölgü sistemi qoyur. Hələ 6-7 il bundan əvvəl qoyulmuş diaqnostik nəticələrə görə dərs bölgüsü aparılır. Bütün bunlara baxmayaraq bu gün onlarla məktəblərdə dərs saatlarının satılması, dərs cədvəllərinin müəyyən olunması ilə bağlı neqativ hallar davam edir.
Ali məktəblərdə təhsil haqlarının yüksək olması, ali məktəblərin ödənişlərdə güzəştə getməməsi, 1960-1970-ci illərdə olduğu kimi dərslərin mühazirə sistemi ilə təşkili bu gün də qalmaqdadır. Bütün istiqamətlər üzrə təhsil alanlar ali məktəbi bitirdikdən sonra repetitor yanına getmədən hər hansı müsabiqəyə qoşulub uğur qazana bilmirlər”.
Ekspert bildirib ki, ənənəvi tədrisə keçid edilmədən artıq bəzi məktəblərdə yenidən rüşvətxorluq halları başlayıb: “Bu gün Sumqayıtdan 1 nömrəli məktəbdən mənə müraciət edilib. Dövlət 1800 nəfərlik yeni məktəb binası tikib. Məktəbə qəbul olunan şagirdlərin valideynlərindən süpürgə pulu adı ilə məcburi şəkildə pul toplanılır. Bu kimi halların qarşısını almaq üçün Təhsil Nazirliyinin valideynlərə birbaşa çıxışı yoxdur.
Sumqayıt məktəbindən valideyn şikayət edir, direktor şagirdi məktəbə qəbul etmək üçün şirinlik tələb edir. Halbuki şagirdin qəbulu elektron qaydada qəbul olunur. Bakı Şəhər Təhsil idarəsində bu prosessə nisbətən baxılsa da, yenə də məktəblərdə özbaşınalıq var. Bütün bunların həlli üçün kompleks tədbirlər görülməlidir”.