Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyəti bərpa edilir.
Bu barədə DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zal və salonları da daxildir.
Bu sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.