Noyabrın 9-da Təcrübə və Təqaüd Proqramları layihəsinin rəsmi açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, tədbirdə millət vəkili Ceyhun Məmmədov, Yeni Müsavat Media Qrupunun başqanı Rauf Arifoğlu, Redaktor.Az saytının təsisçisi Seymur Şeydayev, Azəriqaz İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, ADU-nun dosenti Şəfəq Abdullayeva, Qarabağa Dönüş İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə Hüseynova, eləcə də ictimai xadimlər, gənclər təşkilatları və bir sıra qurumların nümayəndələri, elm xadimləri və gənclər iştirak ediblər.
Təcrübə və Təqaüd Proqramları layihəsi ölkəmizdə ilk dəfədir həyata keçirilir. Belə ki, proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayacaq. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.
Layihə rəhbəri Şahin Sərdarlı açılış nitqi ilə çıxış edərək qeyd edib ki, proqramın fəaliyyət istiqaməti çoxşaxəli olsa da, konkretdir: “Müxtəlif müəssisələrlə bağlanılacaq müqavilələrə əsasən aktiv təcrübə proqramları elan ediləcək, qeydiyyat prosesi həyata keçirildikdən sonra təcrübəçinin istəyinə uyğun olaraq günün birinci və ya ikinci yarısı üçün qruplara bölünərək təcrübə proqramına başlanılacaq. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən sertifikat təqdim ediləcək”.
Ş.Sərdarlının sözlərinə görə, təcrübə müddətində gənclər əsl iş prosesinin içində olacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəklər: “Karyera təşəbbüslərini üzə çıxarmaq və uğurlu karyera üçün gənclərə lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqlar. Bundan başqa, mövcud proqram üzrə təcrübə proqramını uğurla keçməyi bacaran təcrübəçi sertifikatla yanaşı müəssisə rəhbəri tərəfindən tövsiyə məktubu almaq şansı da əldə edə biləcək”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov təbriklərini çatdırıb, ideyanın çox gözəl olduğunu qeyd edərək bildirib ki, mövzu Azərbaycan cəmiyyətində kifayət qədər aktual məsələdir: “Yəni bir tələbə təhsilini başa vurur və iş həyatına başlayarkən müəyyən problemlərin yaşandığının şahidi oluruq. Bu gün layihə rəhbəri Şahin Sərdarlı çox maraqlı ideya təqdim edib. Hesab edirəm ki, onun aktivliyi və məsələlərə təşəbbüskar yanaşması bu işdə də öz töhfəsini verəcək, onun komandası gələcəkdə daha böyük uğurlara imza atacaq. Bir daha deyirəm ki, bu sahə çox perspektivli bir sahədir. Sadəcə çox çalışmaq lazımdır”.
Deputat qeyd edib ki, layihə bir növ körpü rolunu oynayacaq: “Müəssisələrlə tələbələr arasında da müəyyən bir əlaqələr yaratmaq imkanlarınız olacaq. Hesab edirəm ki, buna həm tələbələrin, həm müəssisələrin, həm də universitetlərin ehtiyacları var”.
Yeni Müsavat Media Qrupunun başqanı Rauf Arifoğlu gəncləri təbrik edərək qeyd edib ki, bu layihə çərçivəsində gənclər üçün redaksiyanın divarlarının və tanınan imzaların nəfəslərini hiss etmək böyük bir nəticə olacaq: “Gənclər və bizim üçün uyğun bir layihədir. Əlbəttə, mediaya da yeni nəfəs, yeni imza gəlməlidir. Media qurumunun rəhbəri kimi bu proqram məni şəxsən maraqlandırır. Hər cür əməkdaşlığa hazırıq və bütün şəraiti yaradacağıq ki, gənclər özlərini təkmilləşdirsin və gələcəkdə özlərinə yeni iş qazana bilsin”.
Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, təcrübə mübadiləsi gənclərə çox mühüm praktiki bilik verəcək: “Nə xoş o təcrübəçinin halına ki, Rauf Arifoğlu, Mir Şahin Ağayev məktəbləri keçəcək, onların məsləhətlərinə qulaq asacaq. Hər iki imza həqiqətən də çox böyük məktəbdir. Bu məktəbin içində olmaq təbii ki, çox böyük avantajdır, çox böyük inkişafa bir vəsilədir. İnanıram ki, bu layihəyə ilk start verən müəssiələr digər təşkilatlara da estafet ötürmüş olacaqlar”.
Redaktor.az saytının təsisçisi, ehtiyatda olan polkovnik Seymur Şeydayev bildirib ki, qələbə bizim milli kimliyimizi, döyüş ruhumuzu və nə qədər böyük millət olduğumuzu özümüzə qaytardı və qələbədən sonra quruculuq işləri başladı: “Bu quruculuq işlərində təcrübəli kadrlara böyük ehtiyac var. Bu baxımdan Təcrübə və Təqaüd Proqramları layihəsi əsl vaxtında yaranmış bir quruma çevrildi. Biz də müstəqil informasiya agentliyinin rəhbəri kimi dəstək verməyə hər an hazırıq. Bizim əməkdaşlıq mövzusunda daha əvvəldən söhbətimiz olub. Mən tam əminəm ki, çox yaxın zamanda layihə çox əhəmiyyətli dərəcədə şöhrət qazanacaq və digər müəssisələrdə sizin quruma üz tutacaqlar”.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar qeyd edib ki, bu layihə illərdir formalaşan boşluğu doldurmağa qadir olacaq: “Gənclər çox möhtəşəm bir işə imza atıb. Həm müəssisələr, həm də gənclər bu layihəyə çox böyük maraq göstərəcəklər”.
Azərbaycan Dillər Universitetinin dosenti Şəfəq Abdullayeva əminliyini bildirib ki, gənclər çox böyük uğurlar qazanacaq: “Bizim də ən böyük dəstəyimiz olar ki, gəncləri doğru istiqamətə yönləndirək və müəssisələri bu layihədə iştirak etməyə maraqlandıraq”.
Qarabağa Dönüş İctimai Birliyinin İdarə heyətinin üzvü Samirə Hüseynova layihənin fəaliyyətə başlaması münasibəti ilə təbriklərini çatdırıb, uğurlar arzulayıb.
Qeyd edək ki, layihə çərçivəsində gənclərin praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində elan ediləcək təcrübə proqramında tələbə və gənclərin təcrübə keçəcəyi müəssisəyə məvacib ödənilməsi də nəzərdə tutulub.