Dövlət İmtahan Mərkəzi (DİM) martın 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirir.
DİM-dən Teleqrqf.com-a bildirilib ki, bugünkü imtahanlarda 24 min 824 nəfərin iştirakı gözlənilir. İmtahan Bakı şəhərinin Nizami, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında keçirilir. Bu gün, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri imtahan verirlər.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.