26 Noyabr 2014 16:42
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Milli Elmlər Akademiyasının kiçik akt zalında “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Konfransın işində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə qeyd edib ki, bu cür konfransların keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə elmi işlərin aparılmasına təkan verməkdir.

Tədbirdə “Heydər Əliyev və Azərbaycanda fövqəladə hallarla mübarizənin təşkili təcrübəsindən”, “Fövqəladə hallardan qorunma məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər”, “Böyük Qafqazın şimal-qərb rayonlarında içməli artezian sularının müasir radioekoloji vəziyyəti”, “Azərbaycan Respublikası fövqəladə hallar atlasının və informasiya bazasının yaradılması”, “Yanğınsöndürmə üçün yeni reagent - “Naftapen”, “Gərginlik vəziyyətlərinin aşkar edilməsi və Azərbaycan Respublikasının ərazisi, Qafqazın və Xəzərin sərhədyanı sahələri üçün seysmik təhlükənin qiymətləndirilməsi”, “Azərbaycan ərazisində radon qazının səviyyəsinin tədqiqi və ona təsir edən faktorlar”, “Etibarlılıq nəzəriyyəsinin metodları ilə qəza risklərinin qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında fövqəladə hallarla mübarizənin ümumi vəziyyəti” və digər mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

Sonda belə tədbirlərin keçirilməsinin ən mühüm elmi araşdırmalar barədə elmi ictimaiyyətə geniş məlumat verilməsində, onların nəticələrini fövqəladə hallar orqanlarının gündəlik fəaliyyəti nöqteyi-nəzərindən qiymətləndirilməsində vacibliyi qeyd olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər