2022-2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə imtahan mərhələsinin nəticələri açıqlanıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nəticələr namizədlərin elektron müraciət portalındakı şəxsi kabinetlərinə artıq yerləşdirilib.
Test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər namizəd isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıb. Onlardan 58 nəfəri direktor, 43 nəfər isə direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Test imtahanının nəticələrinə əsasən, Bakı və Sumqayıt şəhərlərindəki direktor vakant vəzifələri üzrə keçid bal 35, direktor müavini vakant yerləri üçün isə 40 bal müəyyən edilib. Digər regionlarda isə analoji göstəricilər direktor vəzifəsinə namizədlər üçün 30 bal, direktor müavini vakant yerləri üzrə mübarizə aparan namizədlər üçün isə 35 bal olaraq müəyyən edilib.
Keçid balını toplayan namizədlər 22 avqust - 2 sentyabr tarixlərində keçiriləcək müsahibələrdə iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub. Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.