2023-cü ildə atıcılıq üzrə dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək.
Teleqraf.com xəbər verir ki, qərarı Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi açıqlayıb.
Qərara əsasən Rusiyada keçirilməsi nəzərdə tutulan turnir 14-31 avqust 2023-cü il tarixlərində ölkəmizdə baş tutacaq.
30 iyun 2021-ci ildə ISSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri bir il təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.
2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb.