29 Oktyabr 2022 20:12
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyasına start verilib.

Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirləri keçiriləcək.

Payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərindəki sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir.

Bu gün Şabran rayonunun yanğına məruz qalmış meşə fondu sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə 2 hektar ərazidə 2000 ağac tingi əkilib və 200 kiloqram palıd toxumu səpilib.

Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.

Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.

Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər