Həbs edilən aparıcı məsləhətçi barəsində çıxarılan hökmdən narazıdır. İdarə rəisi də məhkəmədə onun günahsız olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sabiq sədri Ramin Nəbiyev, Qarabaqqal kəndi üzrə sabiq icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq aparıcı məsləhətçisi Mübariz Hacıyev rüşvət ittihamı ilə həbs edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Nəbiyev 8 il 6 ay, Qurban Kərimov 8 il, Mübariz Hacıyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Ramin Nəbiyev vəzifədə işləyərkən Qurban Kərimov və Mübariz Hacıyev ilə qabaqcadan əlbir olaraq bələdiyyənin mülkiyyətində olan dağlıq ərazidə yerləşən torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına icazə verilməsi və buna müvafiq şəraitin yaradılması müqabilində ümumilikdə 9 min manat məbləğində pul vəsaitini rüşvət qismində tələb edib aldığına görə 17 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İş üzrə toplanmış sübutlar əsasında Ramin Nəbiyev, Qurban Kərimov və Mübariz Hacıyevə 17 aprel 2021-ci il tarixdə CM-nin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Mübariz Hacıyev barəsində çıxarılmış hökmdən narazı qalaraq apelyasiya şikayəti verib. Şikayətə Şəki Apelyasiya Məhkəməsində baxılır.
Mübariz Hacıyevin vəkili Ramil Məmmədzadə bildirib ki, artıq məhkəmə araşdırması yekunlaşır.
İşə birinci instansiya məhkəməsində - Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan zaman məhkəməyə gətirilməyən idarə rəisi olmuş Rafiq Ədilov bu dəfə vəsatətlər əsasında Şəki Apelyasiya Məhkəməsində dindirilib.
Vəkilin sözlərinə görə Rafiq Ədlilovun istintaq dövründə verdiyi ifadəsi tam ziddiyyətli olub: “Rafiq Ədilov məhkəmədə bütün həqiqətləri etiraf etdi. Bildirdi ki, müdafiə etdiyim Mübariz Hacıyev öz iradəsi ilə deyil, şəxsən onun göstərişi ilə Göyçay şəhərində ayrı-ayrı şəxslərlə görüşüb. Rafiq Ədilov bildirdi ki, Mübariz həmin görüşlərin nəticəsini ona məruzə edib. Mübariz heç kimdən rüşvət almayıb və ya tələb etməyib. Bu cinayət işi formal şikayətçi kimi göstərilən İlham Əzimov adlı şəxsin izahatı ilə başlayıb. Məhkəmə hökmü isə yanlış tərtib edilmiş iclas protokolları ilə əsaslandırılaraq çıxarılıb. Amma Şəki Apelyasiya Məhkəməsində hökmün əsassız çıxarıldığı öz təsdiqini tapıb”.
Ramil Məmmədzadə bildirib ki, Şəki Apelyasiya Məhkəməsində noyabrın 16-da keçirilən məhkəmə iclasında vəkillər çıxış edəcək və yekun qərar veriləcək.