17 Noyabr 2022 17:17
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi" və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi" haqqında qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Komitə sədri deyib ki, 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.

Qeyd edilib ki, əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə 371 manat təşkil edib, 2023-cü ildə isə 422 manat təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti ildə yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiyalarda artım nəzərdə tutulub.
Komitə sədri İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsindən danışıb. Qeyd edib ki, növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.

Əlavə olunub ki, gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1%-i özünüməşğulluq tədbirlərinin, 21%-i məşğulluq xidməti orqanının saxlanmasının, 16,5%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 10%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Qeyd olunub ki, növbəti ildə də özünə məşğulluq layihəsi davam edəcək. Bu proqram çərçivəsində 2023-cü ildə 10 600 nəfərin, daha 6 000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur.


Müəllif: Nemət

Oxşar xəbərlər