Parlament “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə layihəni müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihəni komitə sədri Tahir Mirkişili təqdim edib.
Dəyişikliyə əsasən qanunun 8-ci maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilib: Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
Qeyd edək ki, digər qanunlara da məzmunca fərqli, mahiyyətcə eyni texniki dəyişiklik edilir.