19 Dekabr 2014 19:42
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istehlakçıların iştirakı ilə maarifləndirmə tədbirlərini davam etdirir.

Teleqraf.com-un məlumatına görə, “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti belə tədbir dekabrın 19-da Şabranda keçirilib. Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib ki, bu ilin yanvar-noyabr ayları ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 48,7 ton ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.

Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını qeyd edib, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılır. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanması maarifləndirmə işinə müsbət töhfə verir. Belə ki, 2014-cü ilin əvvəlindən ötən dövr ərzində istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 83 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyətini bir daha vurğulayıb, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər