AMEA Rəyasət Heyəti Mərkəzi aparatı cavab verir
2014-cü il elm sahəsində bir sıra yaddaqalan hadisələrlə başa çatdı. Cəmiyyətdə elmi fəaliyyəti populyarlaşdırmaq məqsədilə Azərbaycanın elmi mərkəzi hesab edilən Azərbaycanda Milli Elmlər Akademiyası (AMEA) Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi ilə birgə elm festivalı keçirdi, Azərbaycanda ilk dəfə alimlərin qurultayı təşkil olundu. İl ərzində AMEA bir sıra beynəlxalq konfranslarda iştirak etdi, elm adamları təcrübə üçün bir çox ölkələrə ezamiyyə olundu, Azərbaycanda “Avropa Birliyinin “HORİZON-2020” layihəsi üzrə bir sıra tədbirlər keçirildi, Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatçıları paytaxtımızda oldular və sair.
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Baba Əliyev bu sahədə daha hansı mühüm hadisələrin olması barədə yazıb. Baba Əliyevin məqaləsini təqdim edirik.
“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü ili uğurla başa vurur. Ötən bir il ərzində akademiyanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizdə elmin inkişafı və onun təbliğində, həmçinin elmin populyarlığının artırılmasında son dərəcə əhəmiyyətlidir.
Bildiyimiz kimi, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. Azərbaycanda elm və biznesin əlaqələndirilməsi, eləcə də onların birgə inkişafı yolunda ilkin ciddi uğurlar qazanan AMEA cari ildə bir sıra böyük biznes strukturları, holdinqlərlə (“Azərbaycan Polad İstehsalı Kompleksi” ASC, “MTI”, “DetAl” və s. ) əməkdaşlığa başlamış, AMEA-nın Təcrübə Sənaye Zavodunda əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Cari ildə uğurları sıralayan akademiya ilk dəfə olaraq özünün brend məhsulunu istifadəyə vermişdir. Əlbəttə, Təcrübə Sənaye Zavodunda yüksək keyfiyyətlə istehsal olunan “Solidol”, “Niqrol” və başqa bu kimi 28 adda məhsul artıq dünya bazarlarında da rəğbətlə qarşılanır.
2014-cü ildə akademiyanın nəzdində “Göytəpə Arxeoloji Parkı”nın layihəsinin təqdimatı keçirilmişdir. Təqdimatda qədim insan məskəninə aid zəngin tarixi və maddi-mədəniyyət nümunələrinin nümayiş olunmuş, elmi izahı verilmiş, Parkın gələcək tarixi turizm əhəmiyyətindən danışılmışdır.
Eyni zamanda, AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların nailiyyətlərinin də sərgiləndiyi akademiyanın ümumi yığıncağında bir sıra mühüm məsələlər müzakirə edilmiş, elmin inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışılmışdır. Həmçinin, Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adlarına təsis olunmuş adlı mükafatlar da ötən ilin ilklərindən, uğurlarından olmuşdur. Fikrimcə, “AMEA – 2020 İnkişaf Konsepsiyası”nın hazırlanması da cari ilin əsas uğurlarından sayılmalıdır.
Yola saldığımız ildə AMEA tərəfindən regionlarda ilk dəfə elmin kütləvi təbliğinə başlanılmışdır. Müntəzəm olaraq bölgələrə (Şəki, Şamaxı, Gəncə, Lənkəran və s.) səfər edən gənc alimlərimiz orta məktəb şagirdləri və tələbələrlə elmin təbliği istiqamətində görüşlər keçirmişdir. Eyni zamanda, ölkəmizdə elmi jurnalistikanın formalaşmasında və onun inkişafında maraqlı olan akademiya bu istiqamətdə mühüm nəticələrə hesablanmış bir neçə layihənin icrasına başlamışdır. Həmçinin, bu ilin noyabr ayında ölkəmizdə ilk dəfə keçirilmiş və cəmiyyətdə böyük marağa səbəb olmuş, eləcə də elmin təbliği və populyarlığının artırılmasında mühüm əhəmiyyət kəsb edən Bakı Elm Festivalı daha bir ənənənin əsasını qoymuşdur.
Cari ilin iyun ayında akademiyanın həqiqi və müxbir üzvülüyünə keçirilmiş seçkiləri xüsusilə qeyd etmək lazımdır. Tamamilə şəffaf və hüquq normaları çərçivəsində təşkil olunmuş seçkilərdə akademiyaya yeni həqiqi və müxbir üzvlər seçilmişdir.
Akademiyanın cari ildə bir sıra beynəlxalq təşkilatlar, eləcə də elmi qurumlarla əməkdaşlıq əlaqələri inkişaf etmişdir. Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən tədbirlər, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq elmi qurumlarla birgə layihələrdə iştirak etmişdir. AMEA rəhbərliyinin birbaşa iştirakı ilə İspaniya Kral, Rusiya, Macarıstan, Bolqarıstan, Polşa, Latviya və başqa ölkələrin elmlər akademiyaları ilə əməkdaşlığın yeni mərhələsinə başlanılmışdır.
Cari ildə Akademiyanın nəzdində elmin aidiyyatı istiqamətləri üzrə yeni Dünya Siyasəti, Elm Tarixi, Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Qafqazşünaslıq institutları yaradılmışdır.
2014-cü ilin yekunlarına nəzər yetirsək görərik ki, həyata keçirilən hər bir layihə, tədbir, konfrans biri-birindən əhəmiyyətlidir, qazanılan uğurdur. İlin sonlarında, daha dəqiq desək dekabrın 19-da keçirilmiş “Azərbaycan alimlərinin I Qurultayı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarını təmsil edən 550-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi Qurultayda Azərbaycan elminin problemləri, onların həlli yolları və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunmuşdur. Qeyd etmək lazımdır ki, internet üzərindən canlı yayımlanan və interaktiv qaydada təşkil olunmuş sözügedən Qurultayda xarici ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alim iştirak etmişdir.
Azərbaycan elminin məbədi sayılan AMEA elmin daima multidissiplinar inkişafı və onun təbliğinə çalışıb. Ötən bir il ərzində həyata keçirilən layihələr, tədbirlər bunun bariz nümunəsidir. Düşünürəm ki, 2015-ci il də akademiya üçün uğurlu il olacaq, neçə-neçə elmi nailiyyətlər qazanacağıq”.