14 Aprel 2023 13:17
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra çıxış edən Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Şimal Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Quba rayonu Qaraçay kənd tam orta məktəbinin komandası I yerə, Qusar şəhəri 6 saylı tam orta məktəbin komandası II yerə, Siyəzən rayonu Böyük Həmyə kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər