Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Suraxanı rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Suraxanı rayonu sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.
Tədbirdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.