"Mərhum Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi".
Teleqraf.com xəbər verir ki, bunu vaxtilə ABŞ-ın Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olmuş məşhur kardioloq, professor Murat Tuzcu "Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, H.Əliyevin duruşu ölkəsinin və xalqının qürurunu xatırladırdı: "Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı. Xəstəxanada olanda çox ölkələrin rəhbərləri ona zəng edib, şəfa diləyirdilər. Həmin dövrdə mən onun dünyadakı sülh üçün necə önəmli olduğunu anlamışdım. Dünya liderləri arasında Türkiyə Prezidenti Süleyman Dəmirəlin Heydər Əliyevlə münasibəti, qardaşlığı sözdə deyildi".
"Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi. O, xəstəxanada olanda da Vətəndən xəbər istəyirdi. Azərbaycan haqqında bizə danışmaqdan usanmazdı. O, göstərişdən uzaq, təvazökar insan kimi hər anını ölkəsinə həsr edib",- o vurğulayıb.//Report.az