3 İyun 2023 13:46
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəməri çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib.

Teleqraf.com xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub:

"Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib. Bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanacaq".

İlqar Tağıyev qeyd edib ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir:

"Magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Yeni şəbəkədən ünvanlara ev birləşmələri verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb".

Sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunub. Bildirib ki, layihə 27 yaşayış məntəqəsini əhatə edir və kəndlərdə ümumi uzunluğu 90 km olan daşıyıcı içməli su xətləri inşa edilib.

Bundan başqa sədr müavini Şirvan-Muğan qrup su kəmərinin inşası haqda da məlumat verib.

Məlumata görə, 107 km uzunluğunda olan kəmər Kür-Sutəmizləyici Qurğular Kompleksindən çəkilmiş Kür-Bakı magistral kəmərindən qidalanır. Kəmərin marşrutu boyu yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərində ümumi tutumu 50 min kubmetr olan su anbarları inşa olunub. Magistral kəmərdən Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, həmçinin kəmərin marşrutgu boyu yerləşən kəndlər içməli su ilə təmin olunur. Bu layihədən perspektivdə 470 min nəfər faydalanacaq.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər