Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.
Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.
Təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.