5 Sentyabr 2023 20:15
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda “2022-2023-cü tədris ilinin yekunu və qarşıda dayanan hədəflər” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Konfransda Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, regionu təmsil edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları tərəfindən Neftçala şəhərində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib və Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.

Öncə Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Konfransda çıxış edən Elm və Təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib. Təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli hesabatla çıxış edib. Onun çıxışında region üzrə şagird və müəllim nailiyyətləri, IV siniflərdə təşkil edilmiş monitorinqlərin və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrində şagirdlərin uğurlu çıxışı, reytinq sıralaması, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb.

Konfransda çıxış edən Neftçala icra başçısı Mirhəsən Seyidov Azərbaycanda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir infrastrukturu, vətənpərvər gəncliyinin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb.

RİH-in başçısı Neftçala rayonunda Heydər Əliyev Fondunun dəstəyilə inşa olunan yeni məktəblərdə şagirdlərin daha da uğur qazanacağını və bu gənclərin dövlətimizin gələcəyinə töhfə verəcəyinə inandığını bildirib. İcra başçısı qarşıda gələn yeni tədris ili münasibətilə müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.

2022-2023-cü tədris ilində keçirilən sertifikasiya imtahanında yüksək nəticə toplayan Salyan rayonun Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Flora Dünyamalıyeva, Respublika Fənn Olimpiadasının qalibi, Neftçala şəhər humanitar təmayüllü “Muğan” liseyinin şagirdi Nuridə Dadaşlı, Respublika Fənn Olimpiadasının Coğrafiya fənni üzrə qalibi Şirvan şəhər Sadıq Hüseynov adına 1 saylı tam orta məktəbin şagirdi İsa Həsən çıxış edərək təhsil sahəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse- prezident Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.

Daha sonra, 2022-2023-cü tədris ilində fərqlənən bir qrup müəllimlər və məktəblər fəxri fərmanlar, qiymətli hədiyyələr ilə təltif olunublar.

Konfrans məktəblilərin hazırladıqları musiqi proqramı ilə davam edib, tədbirin sonunda xatirə şəkili çəkilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər