25 Oktyabr 2023 11:42
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir.

Teleqraf.com “The Evening Standard”ın London nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatlarıaçıqlayıb.

Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını deyib.

60 yaşlı Zamirə Hacıyeva Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub.

Vəkil bildirib ki, Hacıyeva ərinin bank fırıldaqçılığına görə Bakıda həbsdə olması və proseslərdə iştirak edə bilməməsi arqumentindən istifadə edərək müsadirənin qarşısını ala bilsə, bu, digər xarici maqnatların qaçmasını asanlaşdıracaq presedent yaradacaq.

Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağından aldığı və “The Evening Standard” qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub.

Hacıyevanın zinət əşyalarının taleyi ilə bağlı məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyev 2019-cu ildə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.





Müəllif: Teleqraf.com

Oxşar xəbərlər