Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA katibliyinə Kəlbəcər girovları ilə bağlı qətnamə layihəsi təqdim edib.
Teleqraf.com-un məlumatına görə, E.Süleymanov çıxışı zamanı deyib ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Onun sözlərinə görə, təqdim etdiyi qətnamə layihəsinə isə Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən deputatlar imza atıb: “Bu isə haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir. Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, qeyri-legitimdir, onun formalaşdırdığı “məhkəmə” də qanunsuzdur”.
E.Süleymanov qeyd edib ki, “qeyri-legitim “birinci instansiya məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib: “Bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində vurğulanır ki, “iki hökm çıxarmış məhkəmə tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə, nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlir. Belə ki, bu “məhkəmə”də həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları, yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyil. Aydındır ki, D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılıblar və onlar üzərində qurulan məhkəmə saxtadır”.
Azərbaycanlı deputat əlavə edib ki, təqdim etdiyi qətnamə layihəsinin məqsədi işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa etmək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir: “Bu məqsədlə qətnamə layihəsində Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərə bu şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir”.
Kəmalə