Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident baş verib. Məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Məktəbdən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:
“Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".