13 İyun 16:56
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə FHN Akademiyasinin rəhbərliyi, professor-müəllim heyəti və kursantlar, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Dahi Rəhbərin əvəzsiz xidmətlərindən bəhs edib. 15 İyun - Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışan natiq qeyd edib ki, 1993-cü ildə Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Ölkəmizin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Ümummilli Lider xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi.

Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasının müasir dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla irəlilədiyini bildirən K.Kazımov dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrəti sayəsində qarşıya çıxan istənilən problemin həllinə nail olduğunu iftixar hissilə dilə gətirib.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyafət Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub. O, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Ziyafət Əsgərov Azərbaycan xalqının qazandığı tarixi Zəfərdən söz açaraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi. Eyni zamanda, həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Müəllif: Teleqraf.com
FHN

Oxşar xəbərlər