13 İyul 10:14
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 il zərərli iş şəraitində çalışdığı bildirilən qadın güzəştli şərtlə əmək pensiyası ala bilmir.

Bununla bağlı Teleqraf.com-a Bakı şəhər sakini şikayətçi Anoşkina Valeriya Mixaylovnanın oğlu Vladislav Adıgözəlov məlumat verib.

O bildirir ki, anası zərərli işdə çalışdığı üçün güzəştli pensiya almalı olsa da əmək kitabçasında onun zərərli iş şəraitində çalışdığı qeyd edilməyib:

“Anam Anoşkina Valeriya Mixaylovna 1962-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 1979-cü ildən Bakı Gəmi Təmiri zavodunda kuryer işləməklə başlayıb. 1997-сi ildən 2006-cı ilə qədər Xəzər Bitkisel Yağ Fabrikində (1998-ci ilin mayın 25-dən “Xəzər Bitki Yağları” ASC, 1998-ci ilin avqustun 24-dən “Teksun Yağ Sənaye” ASC, 2001-ci ilin avqustun 14-dən “Bakı Yağ və Qida Sənaye” ASC-yə çevrilib) kompressor maşinist vəzifəsində çalışıb. O, daim eyni iş sahəsində, yəni kompressor maşinist vəzifəsində işləyib. İş yerində kompressor qurğuları ammiakla işləyib. Ammiak zəhərli kimyəvi maddədir. İnsan orqanizmi üçün ağır fəsadları var. Məhz kompressorların ammiakla işləməsi zərərli iş şəraitində olmasının göstəricisidir".

Şikayətdə qeyd olunur ki, onun əmək kitabçasında qeydlər natamam göstərilib:

“1995-ci ildən 2006-ci ilə qədər 11 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş sahəsində çalışıb. Buna görə də anam 52 yaşında pensiyaya çıxmalı idi. Ancaq əmək kitabçasında qeyd olunmayıb ki, zərərli iş yeridir. Anamın hazırda 62 yaşı var, pensiya almır. Biz məhkəməyə müraciət etmişik. 2 ilə yaxındır məhkəmə prosesi gedir. Hələ ki nəticə yoxdur. Çalışdığı yer indi “AzərSun”un nəzdində “Bakı Qida və Yağ Fabriki” MMC adlanır”.

Şikayətlə bağlı "Azersun Holding" MMC-ə sorğu göndərdik. Mətbuat katibi Rza Məmmədov Teleqraf.com-a bildirdi ki, “Azersun Holding” qeyd edilən müəssisənin hüquqi varisi olmadığı üçün bu mövzuda heç bir məlumata sahib deyillər.

Mələlə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunu ilə əlaqə saxladıq.

Fondun mətbuat katibi Rəşad Mehdili şikayətlə bağlı bu məlumatı verdi:

“Anoşkina Valeriya Mixaylovna qızının 28.11.2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması ilə bağlı daxil olmuş müraciətinə güzəştli iş stajının 10 ildən az (2 il 2 ay 21 gün) ümumi iş stajının isə 25 ildən az( 22 il 6 ay 2 gün) olduğundan pensiya təyinatından imtina edilib. Bu barədə cavab məktubu yazılaraq poçt vasitəsi ilə ünvanına göndərilib.

Mövcud qanunvericiliyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların bu qanunda nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən müəyyən edilir. Sözügedən şəxsin qeyd etdiyi vəzifə isə Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda qeyd edilməyib”.

Məsələ ilə bağlı Teleqraf.com Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun fikirlərini öyrənib:

“52 yaş 2006-cı ilə qədər qüvvədə olub. Mən 10 il şaxtada işləmişəm. 7-8 ayım çatmır, yoxsa mən də köhnə qanunla pensiyaya çıxıram. Zərərli işdə çalışanlarla bağlı 1 saylı və 2 saylı siyahı var idi. Bir saylı siyahıya düşənlər pensiyaya 10 il tez çıxırdı, kişilər 50 yaşında, qadınlar isə 45 yaşında.

İkinci siyahı üzrə kişilər 55, qadınlar 50 yaşında pensiya hüququ əldə edirdi. Bu qayda artıq ləğv olunub. 2006-cı ildən başqa cürdür. Son dəyişikliyə görə, zərərli işə erkən pensiya hüququ verilməsi kişilərdən 12 il 6 ay, qadınlardan 10 il stajdır. Şikayətlə bağlı dəqiq fikir bildirə bilmərəm. Çünki bu, zaman tələb edir. Müəssisə bütün sənədləri arxivə verib. Xanım əmək kitabçasının götürüb arxivə getsin. Müvafiq sənədi məhkəməyə təqdim etsin. Məhkəmə onun əsasında faktı təsdiq edə bilər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər