22 İyul 16:49
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün milli mətbuatın yaranmasının 149-cu ildönümüdür.

Teleqraf.com peşə bayramında mətbuatın mövcud durumu və həlli vacib sayılan problemlərlə bağlı media təmsilçilərinin fikrini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının fikrincə, mətbuat öz yolundadır, Həsən bəy Zərdabinin qoyduğu prinsiplərə uyğun çap olunan, internet üzərindən yayılan media predmetləri, media strukturları öz fəaliyyətini davam etdirir:

"Mətbuatımızın son dönəmi barədə desəm ki, hər şey yaxşıdır, bu vəziyyətdən hamımız razıyıq, o dərəcə də düzgün çıxmaz. Əlbəttə, çatışmazlıqlar var, jurnalistlərin sosial problemlərində, həyatında çox ciddi problemlər nəzərə çarpır. Yaradıcılıq baxımından da peşəkarlıqda nöqsanlar müşahidə olunur. Əlbəttə, biz 150 il əvvəlki vəziyyətlə indiki dönəmi müqayisə, etsək xeyli paralellər və oxşarlıqlar tapa bilərik. Fərqliliklər də var. Bu fərqliliklər cəmiyyətin inkişafı ilə bağlıdır. Cəmiyyətdə artıq mətbuatdan gözləntilər tamamilə fərqlidir. Hesab edirəm ki, mətbuatımız öz funksiyalarını normal yerinə yetirmə imkanındadır".

"Peşəkarlıqda problemlərin olduğunu dediniz, sizcə, bu problemlər öz həllini necə tapa bilər?" sualına cavabda Akif Aşırlı deyib ki, ölkədə jurnalist peşəkarlığının artırılması sahəsində müəyyən tədbirlər həyata keçirilir: "Bilirsiniz ki, jurnalistika canlı bir orqanizmdir, hər gün, hər həftə, hər ay, demək olar ki, jurnalistika stilində, həm texnoloji, həm də yaradıcılıq baxımdan nəsə bir yenilik olur. Yeni istiqamətlər ortaya çıxır, bu baxımdan Azərbaycan cəmiyyəti də, Azərbaycan media sistemi də dünyanın media trendlərindən kənarda qalmır. Ölkədə artıq müxtəlif dilli jurnalistka sistemi formalaşıb.

Bəzən jurnalistka fakültəsindən 100 tələbə diplom alırsa, bunun yalnız müəyyən hissəsi jurnalistikaya gəlir. Qalan hissə başqa sahələrə gedir. Magistratura təhsilində istiqaməti dəyişə bilir və yaxud gedir, xaricdə başqa ixtisalara yönəlir. İnternetin gətirdiyi yenilikləri, yeni-yeni saytların ortaya çıxmasını diqqətə alsaq, "YouTube", İnstagram və digər sosial media şəbəkələr üzərindən media fəaliyyətini həyata keçirəcək strukturlar artıq çoxalıb. Müəyyən nəzəri hazırlığı olan İxtisaslı jurnalistlər o strukturlarda təmsil oluna bilmir. Problemlər burada meydana çıxır.

İkinci bir tərəfdən, müxtəlif istiqamətlərdə təhsil alan, özünü jurnalistikada görmək istəyən, əslində jurnalistikadan gəlir mənbəyi kimi istifadə etməyə çalışan insanlar da var, onlar jurnalist adına, jurnalistika sisteminə əksiklik gətirirlər.

İdman jurnalistkası sahəsində peşəkarlaşmış struktur var. Arzu olunur ki, mədəniyyət sahəsində də belə olsun, bu boşluq iqtisadi sahədə də mövcuddur".

Saytların çox olması ilə bağlı narahatlıqlara gəlincə, Akif Aşırlı hesab edir ki, bolluq yaxşı haldır: "Bolluqda eyniliyin olması, müəllif hüquqlarının pozulması, plagiat hallarının, "copy paste"lərin artması təbii ki, ciddi problemdir. Təəssüf ki, bəzən ayrı-ayrı saytlar, "YouTube" kanallları və yaxud sosial media şəbəkələri peşəkar jurnalistlərin hazırladığı məhsulu mənimsəyir, heç bir istinad da eləmir. Problemin biri də budur..."

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, texnoloji cəhətdən mediada hər şey yaxşıdır, qloballaşmağa doğru gedirik: "Amma müəyyən məqamlar var ki, hələ də bunla razı deyiləm. İnformasiyanın ötürülməsində, onun obyektivliyində müəyyən problemlərimiz var və hələ də həbsdə olan jurnalistlər problemini həll edib qurtarmamışıq. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu var. Təəssüf ki, bizdə bu keçid mərhələsi çox uzandı, hələ çox da davam edəcək. Məsələn, bu sayda media orqanları, saytlar varsa, bu say çoxdan keyfiyyətə keçməli idi. Amma hələ də biz bu keyfiyyətə gedən yoldan çıxa bilməmişik".

Mələksəda Zeynallı

İradə Tağızadə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər