Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 9-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı alimlərin sosial şəbəkələrdə aktiv olmadıqlarını deyib. Nazir bildirib ki, cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulur: "Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?! Bildirirdilər ki, vaxt yoxdur".
Bəs müəllimlər necə sosial şəbəkələrdən aktiv istifadə etməlidirlərmi?
Teleqaf.com sualı təhsil ekspertlərinə ünvanlayıb.
Elşən Qafarov bildirir ki, müəllimin müəllimlik fəaliyyəti təkcə sinifdə, məktəbdə deyil, cəmiyyətdə də davam edir:
“Bu gün cəmiyyyətin böyük əksəriyyəti sosial şəbəkə istifadəçisidir. Müəllim də sosial şəbəkədə aktiv olmalı, elmi müzakirə açmalıdır. Orta Asiya ölkələrində belə bir təcrübə var. Müəllimin mütləq sosial şəbəkə üzərində profilləri olmalıdır. Orada öz fəaliyyəti ilə bağlı tərbiyəvi materiallar paylaşmalıdır. Şagirdlər müəllimlərin səhifəsini izləməklə həm də öyrənirlər. Eyni zamanda onların tərbiyələnməsi təkcə məktəb, siniflə bitmir. Bu baxımdan çox gözəl təcrübədir. Hər bir müəllimin “Facebook”, “TikTok”, “Instagram” səhifəsi olmalıdır. Müəllimlər orada əlavə biliklər paylaşmalıdırlar”.
Onun fikrincə, müəllimin sosial şəbəkədə fəaliyyəti təlim-tərbiyə ilə bağlı olmalıdır: “Müəllim özünü sosial şəbəkədə qorumalıdır. Əgər müəllim yazılarına, paylaşdığı şəkillərə diqqət etmirsə, bu nüfuzunun aşağı düşməsinə səbəb olacaq. Buna görə də müəllimlər sosial şəbəkədən effektiv istifadə etməlidirlər. Onların sosial şəbəkə ünvanları məktəbədəki fəaliyyəti ilə üst- üstə düşməlidir”.
Adil Vəliyevin sözlərinə görə, sosial mediadakı ciddi, elmi müzakirlərdə müəllimlər iştirak etməlidirlər:
“Sosial şəbəkələrdən düzgün istifadə etdikləri zaman şagirlər, tələbələr, valideynlər, öz sahələri üzrə mütəxəssislərlə mütəmadi olaraq əlaqədə olub, fikir mübadiləsi aparırlar. Öz sahələri üzrə bilik və bacarıqlarını şəxsi səhifələrində rahat şəkildə paylaşa bilərlər. Bu, onlar üçün müsbət haldır. Bundan başqa, sosial şəbəkədən istifadə edərək təhsilə aid resursları, materialları, yeni metodları çox rahat şəkildə əldə edə bilərlər. Bunun müsbət nəticələri olacaq. Ancaq rast gəldiyimiz neqativ tərəflər də var. Müəllimin sosial şəbəkədən istifadəsi onun tədrisə ayırdığı zamana qətiyyən təsir etməməlidir. Vaxtını düzgün idarə etməlidir. Sosial şəbəkədən yalnız asudə vaxtda istifadə edə bilər. Müəllim öz işinin məsuliyyətini dərk etməli, ona yaraşan davranışı peşəkar şəkildə göstərməlidir. Bəzi müəllimlər demək olar ki, səhifələrində ancaq şəxsi paylaşımlar edirlər. Elmi müzakirələrədən kənardırlar. Peşəkar müəllimlərimiz də var. Onlar yeni məlumatlar öyrənir, öyrəndiklərin paylaşırlar. Çox sevindirici haldır ki, sosial şəbəkələrdə də həm öyrənib, həm də öyrədirlər”.
Elçin Əfəndi də müəllimlərin sosial şəbəkələrdə aktiv olmalarını dəstəkləyir:
“Müəllimlər öz istiqamətləri, tədris etdikləri fənn ilə bağlı, şagirdlərinin uğurlarının paylaşılmasında aktiv olmalıdırlar. Əlbəttə müəyyən saatlarında öz şəxsi həyatları ilə bağlı paylaşımlar da edə bilərlər. Bu, etik qaydalar çərçivəsində olmalıdır. Müəllimin şəxsi həyatı var və bunu paylaşa bilər. Hesab edirəm ki, müəllim siyasətdən, digər proseslərdən kənarda dayanmağı bacarmalıdır. Vətəndaş mövqeyini bildirə bilər. Müəllim üzərində ciddi məhdudiyyətin tətbiqi düzgün deyil. Təhsilverən paylaşımlarına diqqət etməlidir. Elə müəllimlər var ki, onlar konkret olaraq, bir sosial şəbəkə üzərindən paylaşımlar edirlər. Əsasən "Facebook"da paylaşımlar olur. “TikTok”a videolar çəkənlər də var. Ancaq bu platforma elə də intellektual kütləni əhatə etmir. Az şəxs var ki, faydalı paylaşım edir. Ona görə də müəllimlərin orada video çəkib paylaşması doğru deyil".