Bu gün cəmiyyət üçün dəyərli, sevilən şəxs - hazırda Suraxanı rayon icra başçısı olan Adil Əliyevin doğum günüdür. İlk tanışlığım Adil Əliyevlə tələbəlik illərinə təsadüf edir.
Adil Əliyev deyərkən ilk Bakı Dövlət Universiteti, həmin dövrdəki gözəl xatirələrimiz yada düşür, məni də o gözəl illərə aparır həmin xatirələr... O zaman müəyyən olunmuş qaydalar üzrə gənc alimlərin, aspirant doktorantların Ulu öndərin doğum gününə həsr olunmuş beynəlxalq elmi konfransları keçirilirdi.
Konfransda xarici ölkələrdən xeyli qonaq, alim və nüfuzlu şəxslər iştirak edirdi. Konfrans zamanı “Cinayət hüququ və kriminologiya, cəza-icra hüququ” üzrə bölmələrdə panel iclasına sədrlik mənə həvalə olundu. Moskva Dövlət Universitetinin professorları, mərhum Komissarov, Vladimir Vladimirovic, Kusnecov Nikolay Kennadiyevic, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun professoru Padşibyakin Aleksandr Aleksandrovic də mənim sədrlik etdiyim paneldə məruzələrlə çıxış edəcəkdilər.
Bizim sektorda məruzə ilə çıxış edənlərin sanbalı təbii ki böyük idi. Onlar nəinki MDB məkanında, eləcə də dünyada tanınmış alimlər idi. Bu sırada gənc alimlərdən və tezis çıxışı olan nümayəndələrdən Adil müəllim çıxış etmək istədiyini bildirdi. Onun məruzəsi - İctimai qayda və ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər mövzusu ilə bağlı idi. Bu məruzə həmin dövr üçün aktual idi, indi də elə aktual mövzulardandır. Adil müəllim həmin mövzu ilə bağlı çıxış edəndə maraqlı bir nüanslar yarandı. Məruzə günün tələblərinə uyğun olduğundan həm kafedranın mərhum professoru, görkəmli cinayət hüququ üzrə mütəxəssis Firudin Səməndərov, həm Komissarov, həmçinin də Padşibyakin dəfələrlə Adil müəllimə müxtəlif məsələlərlə bağlı elmi suallar ünvanladılar. Adil Əliyev çox təmkinli və həmin suallara dəqiq, dürüst cinayət hüququnun tələblərinə, eyni zamanda hüququn tələblərinə uyğun olaraq gözəl praktika ilə nəzəriyyəni əlaqələndirə bilən cavablar verdi. O zamandan bir hüquqşünas kimi onun tədqiqatına xüsusi marağım artdı.
Adil Əliyevlə bir neçə konfransda və bir neçə yazıda birgə işləməli olduq. Adil Əliyev beynəlxalq diskussiyalar yaradacaq məqalələr dərc olunan xarici jurnallarda artıq bir neçə məqaləsi ilə tanınmağa başladı. Əlbəttə, bu, elm sahəsində Adil Əliyevin böyük uğurları idi. O, vaxtından əvvəl ilk dəfə olaraq həmin sahə üzrə fəlsəfə doktoru hüquq üzrə müdafiə edə bildi.
Adil Əliyev mükəmməl siyasətlə məşğul olmağa başladığı andan artıq ölkədə dövlət başçısının siyasətini ürəklə dəstəkləməklə minlərlə insanın qəlbinə daxil olan və siyasətdə sədaqət, dürüstlük fenomeninə çevrilə bilən bir şəxs oldu.
Bizim kafedra və alimlər çox çalışırdı, istəyirdi ki, Adil Əliyev kimi bir şəxs bizimlə qalsın, universitetin tanınmış müəllimlərindən, alimlərindən biri olsun. Nəzəri biliklərini, bacarıqlarını tələbələrə çatdırsın.
Adil Əliyevin taleyi siyasətlə bağlı idi və o, hər kəsin sevdiyi, istədiyi həmin ünvana doğru yönəlməyə başladı. Adil Əliyev ünvanını daşlaşmış yaddaşlara çevirə bilən bir şəxsiyyət kimi cəmiyyətdə hörmət və nüfuz sahibi olmağı bacardı. Adil Əliyev deputat olduğu zamanlar şəhid, qazi ailələrinin hər zaman bir-bir ünvanına baş çəkirdi. Daim onları nəzarətdə saxlayırdı.
Adil Əliyev ölkəmizdə gənclərin sağlam yetişməsində əlindən gələni etmiş, ölkəmizin dünya şöhrətli idmançılarının müəllimi, mənəvi dayağı olmağı bacarmışdır. Adil Əliyev parlamentdəki fəaliyyəti zamanı da minlərlə insanı qəbul edib və fəal parlamentar kimi tarixə düşüb. Adil Əliyev seçicilərini məhəllə, dalan, hər döngədə hamısını tək-tək tanıyan, qayğısına qalan, evlərinə baş çəkən, çətin günlərində onlarla birlikdə olmağı bacaran, nadir millət vəkillərindən biri idi. Daim yenilikləri təlqin edən, gəncliyimizi, dövlət, vətən sevgisinə yönəldə bilən yazıları ilə böyük müəlliflərdən birinə çevrilə bilmişdir. Adil Əliyev Heydər Əliyev və İlham Əliyev kursuna sədaqəti ilə hər kəsə nümunə olacaq hakimiyyət nümayəndəsidir. Adil Əliyev dostluğun bünövrəsinə və dostluğa münasibətdə hər kəsə nümunə olacaq şəxsdir. Xarakteri ilə çətin günün dostu, hər kəsə nəsib olmayan kişilik xarizması ilə yaşayan nadir şəxsiyyətlərdəndir. Adil Əliyev haqqında bildiklərimizdən mindən birini yazsaq, desək də hələ yazılmalı, danışılmalı çox sözlərimiz var. O, həm yaxınları ilə münasibətdə, həm siyasi fəaliyyətində, həm də cəmiyyətdə hörmətə layiqdir. Adil müəllim, 55 yaşın mübarək. Sizi minlərlə sevənlərin adından deyirəm: Yeni yaşınız mübarək olsun. Sizə an sağlığı, işlərinizdə, şəxsi həyatınızda uğurlar arzulayıram. Mükəmməl, yeni-yeni ideyalar müəllifi kimi cəmiyyətdə uğurlar qazanasınız.
Hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı