Ötən yazılarımızda mərhum professor Abbas Zamanovun hələ Sovet dövründə ikən azərbaycanlı mühacirlərlə məktublaşmasından bəhs etmiş, Amerikada yaşamış Ənvər Sultanzadə ilə Türkiyəyə yerləşmiş rəssam İbrahim Safi ilə məktublaşmalarını vermişdik.
İndi isə Abbas müəllimin mühacir şair Əli Volkanla olan məktublaşmalarını təqdim edirik.
Mühacir şair Əli Usta Volkan 1897-ci ildə Nardaranda doğulub. Mühacirətdə xalq şairi Ali Volkan, Ali Usta adı ilə tanınıb. 1939-cu ildə çap edilən “Azərbaycan xalq şərqi və maniləri” adlı kitabındakı bilgidən aydın olur ki, Əli Usta Azərbaycan Cümhuriyyəti Milli Ordusunun Gəncədəki üçüncü piyada alayında dülgər kimi çalışıb. “Yeni Kafkasya” jurnalının 1927-ci ildə işıq üzü görən 84-cü sayındakı “Vətən həsrəti” adlı məqalədə də onun haqqında yazılıb: “Azərbaycanlı, bakılı, Nardaran kəndindən üçüncü Gəncə alayının dülgəri Əli Usta imzası ilə bir məktub aldıq. Əli Usta hazırda Şərqi Qarahisarda Alucra qəzasında yaşamaqdadır”.
Şair “Vəhşət sürüləri” adlı şeirinin altında “1922-ci il, Bakı, Bayıl məhbəsi” ifadələrini qeyd edib. Buradan aydın olur ki, bolşeviklərin Azərbaycanı işğalından sonra o da bir müddət həbs olunub. Volkan 1924-cü ildə Türkiyəyə mühacirət edib, Türkiyə vətəndaşı olub, yenidən hərbi xidmət keçib. 1930-cu ildə evlənib, 1932-ci ildə Azər, daha sonra Tomris və Nərgiz adlı uşaqları olub. 1939-cu ildə İstanbulda çap etdiyi “Azərbaycan xalq şərqi və maniləri” adlı kitabında Əli Usta Azərbaycan bayatılarını, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əhməd Cavadın şeirlərini dərc edib. Əli Volkanın şeirləri 1928-ci ildə İstanbulda çap edilən, Azərbaycan mühacirəti ilə bağlı ilk şeir toplusu olan “İstiqlal uğrunda” məcmuəsində də dərc edilib. Kitabda Mirzəbala Məhəmmədzadənin onun şeirləri haqqındakı yazısı yer alıb.
Ümumiyyətlə, Əli Ustanın mühacirətdə “Yeni Kafkasya”, “Kurtuluş”, “Azerbaycan”, “Türk Birliği”, “Kırım”, “Kuzey Kafkasya”, “Emel” kimi dərgilərdə şeirləri, məqalələri, xatirələri dərc olunub. “Azerbaycan” jurnalında şairin 13 şeiri işıq üzü görüb.
Əli Ustanın 1936-cı ildə Berlində çıxan “Kurtuluş” jurnalındakı “Yeni günə” adlı şeirinin altında redaksiyanın qeydi verilib: “Əli Usta milli Azərbaycan ordusu nəfərlərindən olan bir xalq şairidir. Hal-hazırda ciyərlərindən müztərib olduğu üçün Heybəliada sanatoriyasına aparılmışdır”.
Jurnaldakı şeirin altında isə “Heybəliada sanatoriyası, 28.02.1936” yazılıb. Jurnalda dərc olunan “Dağlar” adlı şeirinin də altında imza və məkan olaraq yazılıb: “Heybəliada sanatoriyası, 25.05.1938”. Demək ki, iki il müddətində şair Heybəliadada müalicə olunub. “Kurtuluş” dərgisində şair Kərim Yaycılının Əli Ustaya ithaf etdiyi “Milli vaiz” şeiri dərc olunub. 1944-cü ildə Berlində çıxan “Gənc yaradıcılar” almanaxında Əli Volkanın “Vəsrəti həsrəti” şeiri verilib.
Əli Usta Türkiyənin müxtəlif yerlərində yaşayıb. 1947-ci ildə yazdığı “Ağlaram” şeirinin altında məkan olaraq Qara dəniz Ereğli yazılıb. O illərdə yazdığı bir başqa şeirində Alucra bölgəsi qeyd olunub. 1950-ci illərdə Bartında, 1960-cı illərdə İstanbulun Bakırköy rayonunda yaşayıb. Bu dövrdə yazdığı bəzi şeirlərinin altında Elazığ, Keban, Adapazarı bölgələri qeyd olunub. Volkan bir müddət Türkiyə Kömür Mədənlərinin Zonquldak Alaplıda yerləşən mədənlərində çalışıb.
Əli Volkan “Türk dünyası” jurnalında dərc edilən, Kul Mehmet imzası ilə təqdim edilən “Rus cəhənnəmindən cənnət Türkiyəyə” başlıqlı müsahibəsində Cümhuriyyətin işğalından sonra Türkiyəyə necə gəlməsindən danışıb:
“...Bu qarışıqlıq vaxtı mən Gəncədə əsgərdim. Gəncənin öndə gələnlərini Bakıya göndərib edam etdirdilər. Azərbaycan xalqı bunu həzm edə bilmədi. Gəncənin tanınmışlarından Sarı Ələkbərlə 3-cü Gəncə alayının komandanı Cahangir bəy birlikdə üsyan etməyi planlaşdırdılar və 1920-ci il 22 may gecəsində saat birdə rus əsgərlərinin üzərinə hücum etdilər. Savaş bir həftə davam etdi. Bu müddətdə 7-8 min rus əsgəri qırıldı. Savaş əsnasında Gəncədəki erməni məhəlləsindəki ermənilər əsgərlərimizə arxadan hücum etdilər. Mən bu savaşın içində idim. Sol dizimdən süngü yarası aldım. Ruslar üstümüzə 10 min əsgər də göndərdilər. Qarşılıq verə bilmədik. Komandanımız “başınızın çarəsinə baxın” dedi. Ordu dağıldı. Bizlər Kür çayını üzərək Gürcüstana doğru keçdik. Bir müddət orada qaldım. Bir il sonra ruslar Gürcüstanı da işğal etdilər. Azərbaycanın keçmiş bəhriyyə naziri Əliheydər Qarayev kürd taboru adlı bir tümənlə Tiflisə girmişdi. “Azərbaycanlılar bir həftə içində təslim olarlarsa, əfv ediləcək, Bakıya qayıda biləcəklər” deyə elan verdilər. Müraciət etdim. Öncə həbs etdilər, üç ay sonra qırmızı orduya götürdülər. Yaşım uyğun idi. Gürcüstanın Lağıdağı ərazisindəki alaya göndərildim. Bir ara sıtmaya tutuldum. Vladiqafqaza (Krasnodar) xəstəxanaya göndərildim. Xəstəxanada Atatürk və İnönünün rəsmlərini qəzetlərdə gördüm. Türkiyənin qurtuluşundan bəhs edirdilər. Bölüyümə qayıtdığım zaman tərxis olundum. Bakıya gəldim. “Gəncədə bizə güllə atdın” deyə ruslar məni tutub hərbi divana verdilər, həbs etdilər. Haqqımda edam qərarı verildi. Edama qədər hər gün Dağlı məhəlləsindəki karxanalarda daş qırmağa göndərdilər. Bir gün başçımız olan türk milisi ilə birlikdə qaçdıq. Orda-burda gizləndim. Bir gecə yük vaqonları ilə Şirvanın Kürdəmir bölgəsinə gəldim. Burada bir İran pasportu təmin edərək illərlə stansiyada hamballıq etdim. Bir gün orada Qaraqoyun ərazisində rejimə qarşı üsyan oldu. Mən də aralarına qarışdım. Bir ay vuruşduq, Qarabucaq stansiyasının dəmiryolu körpüsünü dağıtdıq. Günlərlə Tiflisdən qatar gələ bilmədi. Nəhayət, atacaq qurşun və gülləmiz qalmadı, dağılışdıq, gizləndik. Bu ərəfələrdə Afyonkarahisarın Sülmənli kəndindən İbrahim adlı bir əsir mənə xəbər göndərdi. Türkiyəli 73 əsirin altısını “siz yerli türklərlə birgə hərəkət etdiniz” deyərək ruslar güllələmişlər. Qalanları həbsdə imiş. Mən çöldə olduğum üçün onların dərdlərini və vəziyyətlərini türk səfirinə bildirsəm, qurtuluş ümidləri olarmış. Bir gecə yük qatarı ilə Bakıya gəldim. O zamanlar Türkiyə səfiri Memduh Şevket Esendal idi. Yanına getdim, məsələni anlatdım. “Mən indi Moskvadan vəziyyəti araşdıraram” dedi. Geri dönüb Kürdəmirin Xəlilli kəndinə gəldim. Yaxın dostum Şebinkarahisardan olan Zühdü əfəndi mənə bir kağız göndərmişdi. Bu kağız Sibirdə düşərgə komandanı tərəfindən azad edilmiş kazanlı bir əsirə verilib. Əsir geri dönərkən Sibir yolunda ölür, orada gömülür. Zühdü əfəndi də Sibirdən gəldiyi üçün bu hadisəyə şahid olmuş, ona verilən kağızı saxlamış. Mən bu sənədi mənim imiş kimi Tiflisdəki türk konsulluğuna verdim. Azəri olduğum halda mənə kömək etdilər. Öncə Batuma, 25 iyun 1924-cü ildə Hopa yolu ilə əvvəlcə Girəsuna, sonra Şebinkarahisara vardım. 8 yanvar 1925-ci ildə Türkiyə vətəndaşı oldum”.
Əli Volkan 1958-ci ildə M. Rəsulzadənin vəfatının üçüncü ildönümü ilə bağlı İstanbulda keçirilən törəndə iştirak edib, nitq söyləyib. Nizamettin Onk bir kitabında 1964-cü ildə Adapazarında Əli Volkanla görüşdüyünü, çap etdiyi əsərin (“Milli meyxana”) orijinalının onun kitabxanasından aldığını yazıb.
Volkanın II Dünya savaşından sonra Türkiyəyə gələn Teymur Atəşli, Zöhrab Kəsəmənli kimi mühacirlərlə yaxın münasibəti olub. Şair T. Atəşli Volkanın 70 illiyi münasibətilə 21 oktyabr 1967-ci ildə şeir yazıb. Volkan da Teymur Atəşlinin 35 yaşı münasibətilə “Azerbaycan” dərgisində məqalə qələmə alıb. 1959-cu ildə yazdığı bu məqaləsini Volkan Teymur Atəşli vəfat etdiyi zaman 1977-ci ildə “Türk dünyası” jurnalında kiçik ön söz əlavə edərək yenidən dərc etdirib. Əli Usta Mirzəbala Məhəmmədzadənin vəfatı münasibətilə də kiçik yazı qələmə alıb.
Bir çox mühacir kimi Əli Volkan da kasıb həyat yaşayıb. Krımlı siyasi lider Cəfər Seydahməd Krımər gündəliyində onunla bağlı da qeyd yazıb: “28 iyun 1959. Bazar günü. Azərbaycanlı qardaşlarımızdan şair Volkan gəldi. Çox duyğulandım, ona kiçik bir yardım etdim”. Almas İldırım Mirzəbala Məhəmmədzadəyə göndərdiyi 22 avqust 1940-ci il tarixli məktubunda yazıb: “... Keçən sənə İstanbula gəldiyim zaman vəziyyətim bir az iyi deyildi. Binaənəleyh orada bulunan bizim Əli Ustaya yardımda bulunamadığımdan mütəssir oldum”.
Əli Usta 2 avqust 1981-ci ildə vəfat edib. Azərbaycan Kültür Dərnəyinin sədri olmuş Feyzi Aküzüm “Azerbaycan” dərgisində vəfatı barədə məqalə yazıb. Krım türklərinin çıxardığı “Emel” dərgisi də haqqında nekroloq dərc edib.
Zamanovla məktublaşmalar
30 yanvar 1974-cü ildə Əli Volkan Abbas Zamanova məktub göndərib:
Möhtərəm prof. Abbas Zamanoğluna
Mən əslən Bakının Nardaran kəndindənəm. Qədərin acı cilvəsi məni buraya atdı. Burada çox dəyərli bir yoldaşım vardır, adı Saadettin. Onunla tez-tez görüşürəm. Ona göndərdiyin çox dəyərli kitabları görürəm. Sizdən rica edirəm, mənə də Azərbaycan ədəbiyyat kitablarından lütfən göndərin. Mən də qürbətdə Azərbaycan ədəbiyyat meyvələrindən dadım. Sizə də buradan nə kimi kitab lazımsa, bildirin, həmən göndərim. Salam və hörmətlər. Əli Volkan.
Poçta sizin üçün 3 ədəd kitab verib yolladım”.
Kiril qrafikasında əsasən Azərbaycan türkcəsində yazılmış bu məktubun zərfindən Əli Volkanın həmin vaxt İstanbulda yaşadığını öyrənirik.
Zamanovun arxivində Əli Volkana göndərdiyi 3 sentyabr 1977-ci il tarixli bir məktub mövcuddur:
“Hörmətli Əli bəy.
Lütf edib göndərdiyiniz kitabları aldım. Təşəkkür edirəm. Bu günlərdə sizə yeni kitablar göndərəcəyəm. Aşağıdakı kitabları mənə göndərsəniz, sizə minnətdar olaram.
1. M. Ergin. “Gültəkin abidələri”
2. Abay Dağlı. Dədə Qorqud. Pyes. İstanbul, 1977, 64 s.
Hörmətlə: A. Zamanov”