Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda Ağadadaş Ağayev zərərçəkmişlərin nümayəndələrinin suallarını cavablandırıb.
Suallara cavabda Ağadadaş Ağayev bildirib ki, xalq artistidir, həmişə xalqın arasında, xalqla bərabər olub.
Bu zaman zərərçəkmişin nümayəndəsi ona "amma xalqın nümayəndəsinə balta atıbsan" deyə replika verib. Ağadadaş Ağayev bildirib ki, onun şərəfi təhqir edilib. Bu zaman zərərçəkmişin nümayəndəsi ilə Ağadadaş Ağayevin arasında mübahisə yaranıb. Hakim xalq artistinə xəbərdarlıq edib.
Sualları cavablandırmağa davam edən xalq artisti deyib ki, hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etməyib: "Mən işin belə böyüyəcəyini bilmədim. Klinika video yayandan sonra mən də özümdə olan videoya baxdım. Yenə hüquq-mühafizə orqanlarına müraciət etmədim. Məni elə vəziyyətə saldılar ki, xəstəliyim yadımdan çıxdı. Mühafizəçi mənə nalayiq söyüşlər söydü. Məndə olan balta oyuncaq balta olub, ət doğrayan balta olmayıb. Onu mühafizəçiyə atmışam ki, məndən əl çəksin".
Xalq artisti hadisədən əvvəl qəza keçirməsi ilə bağlı zərərçəkmişlərin nümayəndələrinin suallarına belə cavab verib: "Mən evimdə qəza keçirmişdim. Pilləkəndən yıxılmışdım. Buna görə xəstəxanaya müraciət etmişdim.
Xəstəxanaya birinci dəfə həyat yoldaşımla getmişdim. Sonradan ora oğlum da gəlmişdi. Hadisə zamanı içkili olmamışam. Əvvəllər içki içirdim, amma indi tövbəliyəm".
Xalq artisti bildirib ki, Nurəddin Cəlilov həmişə münaqişəli insan olub, taksi sürücüsü və digər işçilərələ tez-tez mübahisə edib, səs-küy yaradıb: "Ağlıma gəlməzdi ki, mən də belə münaqişənin işində ola bilərəm. Amma hadisə mənim də başıma gəldi. Xanım zərərçəkmiş özü şikayət etməyib, vəkili də özü tutmayıb. Klinika ona 350 manat maaş verir. Bu pulla necə vəkil tutmaq olar? Bütün bunları klinika edib. Şikayəti də onun adından klinika yazıb".
Xanım zərərçəkmişin vəkili deyib ki, o zaman ona əməkhaqqını siz verin. Xalq artisti də cavab verib ki, lazım olsa mən ona min manat-iki min manat da əməkhaqqı verərəm.
Ağadadaş Ağayev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Zərərçəkmiş şəxslərin nümayəndələri bildiriblər ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə arasında kəskin ziddiyyətlər var. Onlar Ağadadaş Ağayevin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyiblər.
Dövlət ittihamçısı da vəsatətlə razılaşıb. Hakim vəsatəti təmin edib, Ağadadaş Ağayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
İfadələr arasında kəskin ziddiyyət budur ki, Ağadadaş Ağayev evinin yanına mühafizəçinin bir neçə dəfə gəlməsi barədə ibtidai istintaq heç nə deməyib.
Xalq artisti Ağadadaş Ağayev ibtidadi istintaq verdiyi ifadəsini təsdiqləyib və bildirib ki, vəkilinin iştirakı ilə ifadə verib.
Növbəti proses dekabrın 17-də davam edəcək.