Yanvarın 21-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, 2024-cü ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.
Vurğulanıb ki, qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.
Belə ki, hər il olduğu kimi, 2024-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanan müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub. Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.
Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.
Eyni zamanda, 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülən müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.