7 Aprel 2015 10:54
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin tələbələri Fransanın Paris Sorbon Universitetində keçiriləcək “Mədəni mübadilə” adlı festivalda iştirak edəcəklər. Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi və ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərovun təşkilatçılığı ilə cari ilin aprelin 7-dən 14-dək baş tutacaq bu səfərin məqsədi universitetlərarası qarşılıqlı əlaqələr nəticəsində tələbə şəbəkəsinin genişləndirilməsi, ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi, Azərbaycanın zəngin tarixə malik mədəni irsinin dünyaya tanıdılması, bununla yanaşı ölkənin xarici siyasətinin əsas prioritet istiqaməti olan Azərbaycan həqiqətlərinin çatdırılmasında tələbələrin rolunu qeyd etməkdir.

ADU İctimaiyyətlə Əlaqələr Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin tələbələr üçün yaratmış olduğu bu imkan, həmçinin onların dil bacarıqlarının inkişafına müsbət təsir göstərəcək.

Keçən il ADU-nun “Dalğa” rəqs ansamblının Türkiyədə keçirilmiş festivaldakı uğurlu çıxışı Fransanın Paris Sorbon Universiteti tərəfindən böyük maraqla qarşılandı və ansamblın həmin universitetdə keçiriləcək festivalda çıxışı üçün təklif irəli sürüldü. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, mədəni sahələrdə tələbə-müəllim mübadiləsini nəzərdə tutan Azərbaycan Dillər Universiteti və Paris Sorbon Universiteti arasında 2015-ci ildə imzalanan müqaviləyə əsasən rəhbərlik tərəfindən universitetin rəqs etmə, mahnı oxuma bacarıqları yüksək olan Pedaqoji (ingilis dili-fransız dili) fakültə, Tərcümə, Filologiya və Jurnalistika fakültəsinin tələbələrı arasından seçilən 9 nəfər gənc Paris Sorbon Universitetinə göndərilir, həmçinin Paris Sorbon Universitetində təhsil alan tələbələrin də Bakı 2015 ilk Avropa Oyunları zamanı Azərbaycana gələcəkləri gözlənilir.

İki gün ərzində 15 dəqiqəlik çıxışla festivalda iştirak edəcək tələbələr orada Azərbaycanın milli geyimində “Sarı gəlin”, “Azərbaycan”, “Payız gəldi”, mahnılarını (Azərbaycan dili və fransız dilində), Bethovenin “Himn”, Les Champs Elysees (Joe Dassin) mahnılarını ifa edəcək, “Qaval”, “Yallı” rəqslərini göstərəcəklər.

SEVİL


Müəllif: