5 May 2015 00:35
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən 2015-ci il, mayın 3-də Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə qurama “seçki”lər keçirilib. Bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz”.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilir.


Sənəddə qeyd olunur ki. Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və ATƏT-in Minsk Qrupunun həmsədrləri statusunda və fərdi əsasda Rusiya Federasiyası, Fransa və ABŞ və bir çox digər dövlətlər tərəfindən verilmiş bəyanatlarda əks olunduğu kimi, beynəlxalq ictimaiyyət bu qurama “seçki”lərin rədd edilməsində və dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn imperativ normalarının pozulması ilə müşayiət olunaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyəti legitim olaraq tanımamaqda əsaslı şəkildə Azərbaycan Respublikası ilə həmrəy olub.


“Bu təxribatçı addım Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir və bunun müqabilində Ermənistan gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirmək, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişmək, iqtisadi və digər fəaliyyətlər, xüsusilə son məqsəd olaraq “fait accompli” vəziyyəti tətbiq etmək üçün erməni əhalisinin bu ərazilərə köçürülməsi vasitəsilə işğal siyasətinin nəticələrini və ilhaqçı niyyətlərini cəmləşdirmək üçün davamlı addımlar atır.Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bir daha vurğulayır. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”, bəyanatda vurğulanır.


Azərbayacan XİN bildirib ki, münaqişənin həllinin prinsipial əsası BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) və BMT Baş Assambleyasının 62/243 (2008) qətnamələrində təsbit olunub: “Bu sənədlər Azərbaycana qarşı gücdən istifadəni və ərazilərinin işğalını pisləyir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Bu qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edir və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür”.


Müəllif:

Oxşar xəbərlər