“Bakı Metropoliteni” QSC-də Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib. Teleqraf.com-un məlumatına görə, metropolitençilər ilk olaraq Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Heydər Əliyevin məzarına çələng və gül dəstələri qoyan metropolitençilər daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Tədbir daha sonra “Bakı Metropoliteni” QSC-nin inzibatı binasında davam edib. Tədbiri giriş sözü ilə açan QSC sədri cənab Zaur Hüseynov ulu öndərin həyatından bəhs edib. Daha sonra ümummili lider haqqında çəkilmiş qısa film nümayiş olunub.
Tədbirdə QSC sədrinin müavini Hidayət Məmmədov çıxış edərək istər Azərbaycan, istərsə də SSRİ rəhbərliyində olarkən Heydər Əliyevin Bakı Metropoliteninə olan daimi diqqət və qayğısından danışıb: “Heydər Əliyevin respublikanın rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya "Ulduz" oldu. 1970-ci il aprelin 17-də stansiyanın istifadəyə verilməsi münasibətilə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra ulu öndər metronun 7-ci stansiyasının qırmızı lentini kəsdi. Tikinti sahəsində işlər görünməmiş vüsət aldı. Bakının yeraltı yolları o vaxt Montin qəsəbəsi (Nərimanov rayonu ərazisi) adlanan ərazidən 8-ci Kilometr qəsəbəsinə doğru uzadılırdı. 1972-ci il noyabrın 6-da Bakı metropoliteni özünün 5 yaşını qeyd etdiyi gün metro inşaatçıları bakılılara daha 3 stansiya hədiyyə etdilər. "Məşədi Əzizbəyov" ("Koroğlu"), "Avrora" ("Qara Qarayev"), "Neftçilər" stansiyalarının açılışı günü münasibətilə keçirilən mitinqdə "Bakımetrotuneltikinti" idarəsinin rəisi Ə.Əbdürrəhimov Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə tikintinin başa çatması barədə məlumat verdikdən sonra respublika başçısı "Neftçilər" stansiyasının girişi qarşısına çəkilmiş qırmızı lenti kəsdi.
Ulu öndərin qayğı və diqqəti sayəsində Bakı metropoliteni stansiyalarının sayı artmaqda davam edirdi. 1976-cı ildə "Nizami", 1979-cu ildə "Bakmil" stansiyaları onun xeyir-duası ilə işə başladı. 1982-ci ildə Heydər Əliyevin Moskvada yüksək dövlət vəzifəsinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da Bakıda metro tikintisi onun diqqət və qayğısından kənarda qalmayıb. Heydər Əliyev xatirələrində bu barədə belə deyirdi: "Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm".
Moskvada işlədiyi illərdə Bakının yeraltı yollarının inkişafına göstərdiyi qayğı öz əksini 1985-ci ildə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə "Xalqlar dostluğu" və "Əhmədli", 1993-cü ildə "Cəfər Cabbarlı" stansiyalarının istismara verilməsində tapdı. 2002-ci ildə "Həzi Aslanov" stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı metropoliteni xətlərinin uzunluğu 31,5 km-ə çatdı ki, bunun da 22,3 kilometri ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilmişdir”.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin aparıcı mühəndisi Vüsal Əliyev öz çıxışlarında Heydər Əliyevin siyasi yolu, Azərbaycan üçün gördüyü işlər haqqında danışıblar. Daha sonra tədbirdə iştirak edən yazıçı-publisist, ümummilli liderin həyatından bəhs edən “Heydər Əliyev, Şəxsiyyət və zaman” çoxcildi roman-tədqiqatın müəllifi, millət vəkili Elmira Axundova ulu öndərlə bağlı bir çox xatirələrini bölüşüb.
Naibə QURBANOVA