Moskvada Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci iclası keçirilir.
Tədbir çərçivəsində RRB-yə üzv olan ölkələrdə IPv6 protokolunun tətbiqi ilə bağlı plan və protokolun istifadəsi üzrə tövsiyələrin qəbul edilməsi, "ICANN" təşkilatının, "Cisco Systems", "HUAWEI" şirkətlərinin RRB-nin Rabitə Operatorları Şurasının tərkibinə daxil edilməsi müzakirə olunub.
Tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafı istiqamətində MDB ölkələrinin əməkdaşlıq strategiyasının müəyyən edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavə və dəyişikliklər edilməsi üzrə qərarların qəbul edilməsi də iclasın iş planına daxil edilib.
Bundan başqa, iclas çərçivəsində RRB-nin 2016-cı il üçün Təftiş Komissiyasının tərkibinə Qazaxıstan Rabitə Administrasiyasından Tatyana Smaqulovanı, Azərbaycan Rabitə Administrasiyasından Zöhrab Yarəhmədovu, Özbəkistandan Mirzo Raximovu, Türkmənistandan Əzizməmməd Gədiməmmədovu və digər ölkələrdən nümayəndələrin qəbulu nəzərdə tutulur.
İclasın gedişatında ölkəmizin Regional Rabitə Birliyinin mükafatına layiq görülməsi haqda qərar qəbul olunub.
Azərbaycana belə bir mükafatın verilməsi üzrə qərar ölkəmizin ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Busanda keçirilən Səlahiyyətli Konfransına hazırlıq çərçivəsində yüksək təşkilati və texniki işi ilə seçildiyinə, region ölkələri arasında beynəlxalq əməkdaşlığı əlaqələndirərək RRB-nin ümumi təkliflərini və RRB-yə üzv ölkələrin birgə mövqeyini konfransın yekun sənədlərində əks etdirmək üçün göstərdiyi səylərə görə verilib.
Hazırda iclas işini davam etdirir.
Xatırladaq ki, Regional Rabitə Birliyinin iclaslarında Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirdə nazir Əli Abbasov RRB-yə üzv ölkələrdə İKT sektorunun inkişaf perspektivləri üzrə məruzə ilə çıxış edib.
İLHAMƏ