14 May 2015 20:26
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Həsənli: “On illərlə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına son qoyulacaq”

I Avropa Oyunlarına bir aydan az vaxt qalır və bütün hazırlıqlar demək olar ki, başa çatıb. İctimaiyyət nümayəndələrinin isə Oyunlara dəstəyi davam edir.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli bildirib ki, I Avropa Oyunları Azərbaycanın dünyada tanınması, təbliği baxımından böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, belə Oyunlar sabitliyin, iqtisadi inkişafın olduğu ölkələrdə keçirilir: “Belə yarışlar Amerikada, Avropada, Rusiyada, yəni inkişaf etmiş ölkələrdə olur. Bu artıq onu sübut edir ki, Azərbaycan inkişaf etmiş, stabil bir ölkədir. Bakıda vaxtilə tikilən ən böyük stadionda bu gün yer azlığı var. Amma yeni tikilən Olimpiya stadionu 68 min nəfər tutur. Bu yaxınlarda mən özüm də orada oldum və çox qürur hissi keçirdim. Nəqliyyat sistemi, avtomobil yolları müasirləşdirilib, yeni avtobuslar gətirilib. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin rəhbəri görülən işlərin qısa bir zamanda həyata keçirilməsini rekorda düşəcək bir hal kimi qeyd etdi”.

E.Həsənli deyib ki, Azərbaycan bu idman yarışında hansı məqsədi qoyubsa, onu uğurla həyata keçirəcək: “Təbii ki, bunu istəməyənlər də var. Xüsusilə də, ermənipərəst qüvvələr cəhd göstərirlər. Bu gün Ermənistan regional layihələrdən kənarda qalıb, dövlət kimi mövcudluğu sual altındadır. Ancaq Azərbaycanda elmi, mədəni, siyasi və digər sahələrlə bağlı böyük tədbirlər keçirilir. İndi isə I Avropam Oyunlarının keçirilməsi Azərbaycanın dünyadakı imicini daha da möhkəmləndirəcək. On illərlə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına son qoyulacaq. Azərbaycan tolerantlığın olduğu bir ölkə kimi təbliğ ediləcək. Dünyanın bəzi dövlətləri bu ermənipərəst qüvvələrə ona görə dəstək verir ki, Azərbaycan müstəqil siyasət aparır, öz milli maraqlarını müdafiə edir. Azərbaycan heç zaman hansısa gücün yanında dayanıb, öz qonşularına qarşı mövqe tutmur. Ona görə də Azərbaycan çalışır ki, ölkəmiz böyük güclərin toqquşma yox, əməkdaşlıq meydanına çevrilsin. Necə ki, Gürcüstan, Ukrayna, Yaxın Şərqi öz maraqlarının poliqonuna çeviriblər.

Azərbaycanı da bu oyunlara çəkmək istəyirdilər, amma alınmadı. Çünki Azərbaycanda güclü dövlət, hakimiyyət var və xalq hakimiyyətlə həmrəydir. Xalqımız bu prosesləri 1988-1993-cü illərdə keçib və Azərbaycan artıq hərtərəfli inkişafa qədəm qoyub”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın gücünü bir daha dünyaya göstərmək, ölkəni tanıtmaq üçün əla fürsətdir: “Xatırlayırsınızsa, “Avroviziya” mahnı müsabiqəsindən sonra da ölkəmiz haqqında geniş tanıtma işləri aparıldı və Azərbaycanı heç vaxt tanımayanlar belə haqqımızda yaxşı düşünməyə başladılar. Yəni, anti-Azərbaycan şəbəkəsinin indinin özündə də aparmaqda olduğu təbliğatın darmadağın edilməsi baxımından bu Oyunlar gözəl imkandır. Oyunlar sadəcə bizi tanıtmaq baxımından deyil, həm də iqtisadi cəhətdən faydalıdır. Azərbaycanın bu Oyunlar üçün xərclədiyi yatırımlar, iqtisadçıların hesablamalarına görə, cari və perspektiv planda ölkəmizə 4 dəfə artıq gəlir gətirəcək. Yəni, xərclənən hər 1 manatın əvəzində ölkəmiz 4 manat qazanacaq. Bu isə çox önəmli amildir. Üstəlik nəzərə almaq lazımdır ki, bu Oyunlara hazırlıq çərçivəsində Bakının böyük bir hissəsində tikinti-quruculuq işləri aparılıb, şəhər xeyli gözəlləşib. Əlavə olaraq bəzi bölgələr də bundan sözün yaxşı mənasında nəsibini alıb”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər