Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Abşeron və Xızı rayonları üzrə 13 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yeni iş şəraiti və müasir avadanlıqlarla təmin olunub.
Teleqraf.com-un məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ötən ilin ortalarından başlayaraq nazirliyin regional TSEK-lərində əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması istiqamətində işlərin görüldüyünü, ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən artıq 20-nin müasir iş şəraiti ilə təmin edildiklərini bildirib. Nazir müavini həmin komissiyaların əlillik müayinələrinin aparılmasında istifadə olunan müasir ekspertiza cihazları, habelə məişət avadanlıqları ilə də təmin olunduqlarını qeyd edib: “Artıq əlillik müayinəsi üçün bütün göndərişlərin səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndərilməsi elektron qaydada həyata keçirilir. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki tibbi-sosial ekspertiza və reabilitasiya alt-sistemi əlillik müayinəsi və onun nəticələri barədə məlumatların aidiyyəti qurumlar arasında elektron mübadiləsinə xidmət edir. Bu da həmin sahədə kağız daşıyıcılardan istifadənin və məmur-vətəndaş təmaslarının xeyli məhdudlaşmasına, şəffaflığın təminatına yönəlib”.
Natiq Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində şəffaflığın təmin olunması və əlillik müayinələrinin aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində reabilitasiya göstəricilərinin artmaqda olduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin ilk rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1626 nəfəri (3,2%) tam reabilitasiya edilib. Bu dövrdə hissəvi reabilitasiya olunanların sayı 251 nəfər artıb və hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib, ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayı isə 1515 nəfər azalıb. Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi işlərinin davam etdirildiyini qeyd edən nazir müavini burada əsas məqsədin əlilliyi olan şəxslərin fəaliyyət və nəticə etibarilə sosial reabilitasiya potensialının müəyyən edilməsi və reallaşdırılmasına imkan yaradılması olduğunu nəzərə çatdırıb.
Tədbirdə TSEK-in yeni iş şəraitinə, yeni müayinə avadanlıqlarına baxış olub.
Naibə QURBANOVA