Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dosenti Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Mətbuat Şurasının və “Kaspi” qəzetinin birgə təşəbbüsü ilə baş tutmuş toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistikamızın inkişafı baxımından ona elmi baxışın ortaya qoyulması son dərəcə vacibdir. Uzun illər keçmiş sovet təfəkkür tərzinə əsaslanmış fikirlərin müstəqillik illərindən başlayaraq milli məfkurə saflığına söykənən məcraya daxil olduğunu vurğulayan şura sədri mövcud istiqamətdəki fəaliyyətin daha səmərəli şəkildə qurulması üçün yeni nəşrlərin mövcudluğunun zəruriliyini əsaslandırıb, “Dahinin istəyi, qələmin qüdrəti” kitabının da məhz bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib: “Kitabda Qərənfil Dünyaminqızının son bir ildə əsasən “Kaspi” qəzetində dərc edilmiş 45 məqaləsi yer alıb. Bu məqalələrin hər birində dövri mətbuatdakı çıxışları ilə milli özünüdərk prosesinə önəmli töhfələr vermiş ictimai-siyasi xadimlərimizin, ziyalılarımızın həyat və yaradıcılığına fundamental elmi əsaslarla yanaşılıb. Kitabın mühüm xüsusiyyəti oradakı məqalələrin birbaşa müəllifin elmi axtarışlarının nəticəsi olmasıdır. Kitab gərgin jurnalist əməyinin məhsulu, Azərbaycan mətbuatına, mətbu tariximizin öyrənilməsinə xidmət nümunəsidir”.
Şura sədri buna görə də Qərənfil Dünyaminzınızı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.
“Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri namizədi Sona Vəliyeva “Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasiminin tarixə çevriləcək hadisə ərəfəsindəki zaman kəsiyinə təsadüf etməsini əlamətdar hal kimi dəyərləndirib. Görkəmli ictimai fikir adamlarımızın irsinin cəmiyyətə çatdırılmasının müstəsna əhəmiyyətini vurğulayan Sona Vəliyeva təqdimatı keçirilən nəşrin də məhz eyni missiya daşıdığını diqqətə çatdırıb: “Qərənfil xanım jurnalistdir, tədqiqatçıdır. Hər məqaləsi arxiv materiallarına əsaslanır. Onun kitabı tariximiz barədə mənbə rolunu oynayır. Bu nəşr həm də tariximizə sevgi ilə yazılıb”.
Sona Vəliyeva “Dahinin istəyi, qələmin qüdrəti” kitabında toplanmış materialların tarixi şəxsiyyətlərimizin, fikir və düşüncə sahiblərimizin həyat və fəaliyyətinə yeni nəfəs gətirməklə insanlarımızda onlara qarşı rəğbət də aşıladığını vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov mətbu tariximizin öyrənilməsinin, görkəmli şəxsiyyətlərimizin həyat və yaradıcılığının düzgün spesifikasının aparılmasının vacibliyindən söz açıb. O, bildirib ki, təqdimatı keçirilən nəşrin jurnalistika fakultələrində tədris vəsaiti kimi istifadəsi də əhəmiyyətli olar.
BDU-nun jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli kitabı klassik jurnalistikamıza rəğbət aşılayan məktəbin nümayəndəsinin əməyinin məhsulu kimi dəyərləndirib. Kitabın müəllifi yaradıcılığına verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Naibə QURBANOVA