İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi kompleksi və onun mehmanxana və mehmanxana tipli obyektlər və turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair Layihənin təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunmuş, xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilmiş, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Layihə Azərbaycanın milli mətbəxinin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanmış, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilmiş və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb.
Bununla yanaşı layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Nazirlik tərəfindən Layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.
Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi "Azerbaijan breakfast" adı altında təbliği və təqdimatı son nəticədə milli mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, o cümlədən xarici ölkələrdə də tanıdılmasına əlverişli şərait yaradacaqdır.
İLHAMƏ