13 İyun 2015 14:20
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyadan Teleqraf.com-a bildirilib ki, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İmtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib. TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrııb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İmtahanda iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Xatırladaq ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.


Müəllif:

Oxşar xəbərlər