Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli qərara dəyişikliklər edilib. Qərarın icrasına nəzarət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub.
Nazirliyin Məlumat Hesablama Mərkəzindən Teleqraf.com-a bildirilib ki, yeni qərar əsasında telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişikliklər ediləcək. Bu məqsədlə nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək. Yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron xidmətlərin hazırlanması mümkün olacaq. Abunəçi barədə məlumatlar dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək və bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq.
Mobil nömrələrdən sui-istifadə edərək qeydi-qanuni addımlar atılmasının da qarşısı alınacaq. Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri mümkün olacaq. Abunəçi başqa abunəçinin adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlər (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndəriləcək. Bu qərarın "Elektron hökumət" quruculuğuna müsbət təsirləri də olacaq.