Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək təşkilatı Avropa Məhkəməsi, BMT Təhlükəsizlik Şurası və öz qətnamələrinə hörmətsizlikdə ittiham edib.
Teleqraf.com-un xəbərinə görə, Qənirə Paşayeva çıxışında deyib: "İyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkünə çevrilən və öz evlərinə dönə bilməyən bir qrup azərbaycanlı məcburi köçkünlərin işi üzrə, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar qəbul edib. 20 ildən artıqdır ki, BMT təhlükəsizlik Şurası və 12 il əvvəl burada, bu Assambleyada qəbul olunan 1416 saylı qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi nəticəsində öz evinə dönə bilməyən, öz evində yaşaya bilməyən məcburi köçkünlər Avropa Məhkəməsinə üz tutmaq məcburiyyətində qalmışdılar. Avropa Məhkəməsinin çıxardığı qərar çox önəmlidir və onlar yerinə yetirilməlidir. O qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması və azərbaycanlı məcburi köçkünlərin tapdalanan insan haqları birmənalı şəkildə vurğulanır. Assambleyamız Ermənistana AŞPA-nın 1416 saylı qətnaməsinin və Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə istqamətində təsir mexanizmlərinə əl atmalıdır. Biz iki gün əvvəl Assambleyada Azərbaycanda demokratik institutların vəziyyətinə dair qətnamə layihəsini müzakirə edən zaman bəzi həmkarlarımızın təşəbbüsü və dəstəyi ilə qətnamə layihəsindən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı maddənin çıxarılmasını böyük təssüflə qarşılayırıq və buna etiraz edirik. Çünki bu addım beynəlxaql təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Məhkəməsi, o cümlədən AŞPA-nın 1416 saylı qətnaməsinə ziddir. Assambleyamızın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 12 il vaxt keçir, amma bu günə qədər Ermənistan onu yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir".
Qənirə Paşayeva bildirib ki, bunun nəticəsində 1 milyon insan bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir və öz evinə dönə bilmir: "20 ildən artıqdır ki, təşkilatın bir üzvü Ermənistan qrumun principlərini pozmaqda davam edərək, təşkilatın üzvü Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Bu məsələ ilə bağlı Parlament Assambleyasının təyin etdiyi məruzəçi ilə rəsmi İrəvan çalışmaq istəmir, onun fəaliyyətinə əngəllər törədir. Parlament Assambleyası bu məsələyə daha ciddi yanaşmalı və bu istiqamətdə də geniş müzakirələr aparmalıdır. 100 minlərlə insanın haqları təşkilatımızın üzvü olan bir ölkə tərəfindən pozulur, amma ana fəlsəfəsi insan haqları olan təşkilatımız bununla bağlı işğalçı ölkəyə qarşı heç bir addım atmır. Sizcə bu ikili standart deyilmi? Hər sessiyada Rusiya ilə bağlı müzakirələr var. Nədən təşkilatın üzvü olan Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistanla bağlı müzakirələr aparılmır? Ona görə də biz sizi bu mövzuya diqqət ayırmağa, bununla bağlı da müzakirələrin aparılmasına çağırırıq. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100- minlərlə azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar".
Nihad