Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqi həyata keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması nəzərdə tutulub. “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri”nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.
2015-ci il iyunun 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün Hamilə Qadınların Elektron Reyestrinin istifadəsi”nə dair seminar keçirilib. “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisinin rəhbəri Kamran Qaraxanov, Bakı şəhərində fəaliyyət göstərən doğum evlərinin baş həkimləri, qadın məsləhətxanalarının müdirləri iştirak ediblər.
Seminarda çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin məqsədinin ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılması olduğunu qeyd edib: “Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb - “Uşağın İmmunizasiya Pasportu” elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb. Qazaxıstanda hamilələrin reyestrinin təşkili çox uğurla həyata keçirilir”.
Daha sonra “Azərbaycanda hamilələrin reyestri” seminar iştirakçılarının nəzərinə çatdırılıb. “Hamilələrin reyestri – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı baza olduğun, hamilələrin reyestrinin əhəmiyyətindən və onlara informasiya baxımından yaratdığı imkanlardan söhbət açılıb.
Tədbirdə Azərbaycanda hamilələrin reyestrinin təşkili konsepsiyası haqqında ətraflı məlumat verilib, Minilliyin İnkişaf Məqsədlərindən üçünün səhiyyə məsələlərinə yönəldildiyi nəzərə çatdırılıb. Bildirilib ki, bu məqsədlərdən irəli gələrək ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb ki, nəticədə Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.
Naibə QURBANOVA