İyulun 3-də Moskva şəhərində Azərbaycan və Rusiyanın gömrük xidmətləri arasında bir sıra sənədlər imzalanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, sənədlərin imzalanması DGK-nın sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri zamanı baş tutub.
Sənədlərin imzalanmasından öncə Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açılıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Sonra Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər - “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsinin mütəmadiliyi Qrafiki” imzalanıb.
Sənədləri Azərbaycan DGK sədri Aydın Əliyev və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıblar.
Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un imzalanması Azərbaycandan Rusiyaya ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradacaq.
Protokol layihəsində müəyyən növ malların buraxılış məntəqələrindən keçirilməsi zamanı gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin bəzi kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Naibə QURBANOVA