Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Lerikdə aparılan arxeoloji qazıntılar nəticəsində Gürdəsər kəndi ərazisində qədim məzarlıq aşkar edilib.
Aşkarlanmış qəbirlərdə sağ və sol çiyinləri üstündə, yaxud bükülü vəziyyətdə basdırılan insan cəsədlərinə rast gəlinib. Bu, qəbirlərdəki insanların o dövrün adət-ənənələri ilə dəfn edildiyinə dəlalət edir. Maraqlı məqam isə qəbiristanlıqda insanlarla yanaşı, heyvanların da dəfn olunmasıdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Antik dövr üzrə Lerik Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, aşkar olunan qəbirlərdəki insanların baş və ayaq hissələrində müxtəlif növ qılınclar, bıçaqlar, nizə başlıqları, küp qablar, bilərziklər və digər əşyaların olması bu ərazilərdə 2400-2500 il əvvəl insanların məskunlaşdığını sübuta yetirir. Ümumilikdə isə, son 3 ildə ərazidə aparılan qazıntılar zamanı 104 qəbir üzə çıxarılıb.
Qeyd edək ki, bir neçə gün öncə rayonun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı da 200-dən çox maddi-mədəniyyət nümunəsi tapılmışdı.