24 Avqust 2015 11:38
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diaspor Jurnalistləri Birliyi (DJB) ilə Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) xaricdəki gənclərin Bakıda görüşünü təşkil edib.

DJB-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə qeyd edib ki, xaricdəki gənclərimiz artıq yeni bir gücə çevrilib: “Amma hər halda gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı bir təşkilata zərurət yaranır. Belə gənclər gərək bir çatı altına toplaşalar. Çünki həmin gənclər Azərbaycanın xaricdəki düşünən beyni, ictimai-siyasi, elmi potensialıdır. Məhz buna görədir ki, onlar Vətən məsuliyyətlərini dərk edir və baş verən proseslərdən kənarda qalmaq istəmirlər”.

Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu deyib ki, xaricdəki gənclər şəbəkə şəklində fəaliyyət göstərməlidirlər: “Fəaliyyətimiz sistemli olsa güclü lobbi yarada bilərik. Xaricdəki gənclərimizə daha düzgün və planlı şəkildə istiqamət verilsə, onlar yüksək səviyyədə Azərbaycanın xeyrinə işlər görərlər”.

Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev xaricdəki gənclərin lobbiçilik işinə cəlb olunmasının vacibliyini bildirib: “Bizim məqsədimiz beynəlxalq əlaqələrdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməkdir. Bu işdə xaricdəki savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanacağıq”.

DJB-nin İdarə heyətinin üzvü, ictimai fəal Vüqar Nuriyev bildirib ki, xaricdəki gənclərimizin səyləri birləşdirilərək mərkəzləşmiş qaydada koordinasiya olunsa, daha məhsuldar nəticələr əldə etmək olar: “Gənclər dövlətçiliyimizin ətrafında sıx birləşir və bu amalda daim istənilən peşədən asılı olmayaraq hazırdırlar. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməliyik”.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın iştirakçısı, Əlimərdan Sultanovsa bildirib ki, xaricdəki tələbələr diaspor və səfirliklər, eləcə də media ilə sıx işləməlidir: “Tələbələrimiz yaşadıqları ölkələrin dilini öyrənməlidir. Daha sonra yerli dildə saytlar açmalıdırlar”.

Dəyirmi masada Azərbaycan diasporunun digər fəallarından da bir çox təkliflər səsləndirilib. Təklif olunub ki, xaricdəki gənclər yaşadıqları ölkələrin KİV-ləri ilə işləməli, həmrəy olmalı, qrant müsabiqələrində iştirak etməli, xaricdəki iş adamlarını bu işə cəlb etməli, əhəmiyyətli tədbirlərin onlayn yayımı olmalı, xarici ölkələrdə Azərbaycanı tanıtmaq üçün maşın turnesi keçirməlidirlər. Həmçinin xaricdəki tələbələrimizə dilimzi tanıtmaq, diaspor təşkilatları ilə sıx əməkdaşlıq etmək, diaspor fəaliyyətini təkcə Avropada deyil, Asiya ölkələrində də aparmaq, xaricdə həyata keçirilən tədbirlər və icra olunan layihələrə daha çox əcnəbi cəlb etmək, yerli və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, xaricdə tez-tez Azərbaycan günləri keçirmək tövsiyə olunub. Bildirilib ki, xarici ölkələrlə yaradılan Media Forumları xaricdə oxuyan və ya çalışan həmvətənlərimizi bir ideya ətrafında toplaya bilər.

Tədbirdə gənclər növbəti aylarda keçirəcəkləri bir sıra layihələrin də müzakirəsini aparıblar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər