2015-ci il avqust ayının 25-də "Meydan TV"nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ ("Gizli Şirkət 120-dən artıq tenderdə qalib gəlib") sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası "The Organized Crime and Corruption Reporting Project (OCCRP)" veb-səhifəsində çap olunmuşdur.
Növbəti gün, eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb.
Teleqraf.com-un xəbərinə görə, Vüqar Bayramov bildirib ki, müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə ‘Install Service LLC’ şirkətinin fəaliyyəti ilə bağlı ona istinadən bəzi "fikirlər" qeyd edilir:
"Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə "The Organized Crime and Corruption Reporting Project (OCCRP)" layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam.
İqtisadçı alim təəssüf edir ki, onunla ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərni öyrənmədən onun adından şərh yayımlanıb: "Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə "The Organized Crime and Corruption Report Project (OCCRP)" əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir".
Vüqar Bayramov əlavə edib ki, jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu halı Etik Jurnalistika Prinsiplərinin kobud pozulması kimi qiymətləndirir: "Təəssüf ki, bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu eyni zamanda onu təsdiq edir ki, belə "araşdırmalarda" bəzi belə "faktlar" beynəlxalq və yerli ictimaiyyətə qərəzli şəkildə təqdim olunur".