28 Avqust 2015 12:28
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmənin saxta qətnaməsi ilə bir ailə evindən olub

Bakı şəhərində kirayədə qalan Rüstəm Cavadov şəxsiyyət vəsiqəsini dəyişmək barədə problemlərlə üzləşməsindən şikayətçidir.

Redaksiyamıza müraciət edən Rüstəm Cavadov 27 ildir ki, Ermənistan pasportu ilə Bakıda yaşadığını söyləyir. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanın dövlət orqanlarına, məhkəmələrə dəfələrlə müraciət edib. Vəkili onu arxayın salıb, ev, sənəd problemini həll edəcəyinə söz verib. Amma problem həll edilməmiş qalıb.

1970-ci il təvəllüdlü Rüstəm Cavadovun sözlərinə görə, vəkilinə inanaraq ona 3 min dollar verib. Amma puldan da olub, insanlara inamından da: “1988-ci ildə Ermənistanın Vedibasar rayonu, Şiitli kəndindən məcburi köçkün düşmüşük. 4 ailə üzvümlə birgə Nərimanov rayonu, İnqilab küçəsində 2 otaqlı evlə Şiitlidəki 10 otqalı evimizi dəyişdik. Az sonra qərar verildi ki, Ermənistandan köçkün düşənlər Bakıya deyil, rayonlara məskunlaşsınlar. Bizi də dəyişdiyimiz evdən çıxardılar”.

Rüstəm Cavadovun bildirdiyinə görə, sonradan qərarın icrası dayandırılıb. Amma dəyişdikləri evi geri qaytarmayıblar: “Beləcə, 4 nəfərdən ibarət ailə üzvümüzlə küçədə qaldıq. 2001-ci ilə kimi kirayələrdə yaşayırdıq. Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edirdik ki, bizim evimizi versinlər. Nəhayət, 2001-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Şöbəsinin müdiri Mehdi Bayramovun 49 saylı məktubuna əsasən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Komitənin Nərimanov Rayon Şöbəsinin rəisi İslam müəllimin, 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Eyvaz Eyvazovun iştirakı ilə Azadlıq prospektindəki 116 saylı evin 99 saylı mənzilinə köçürüldük.

Lakin sevincimiz uzun çəkmədi. 25 gün sonra Nərimanov Rayon Məhkəməsinin qanunsuz qərardadı ilə evdən çıxarıldıq. Bütün əşyalarımız orada qaldı.

Mehdi Bayramova müraciət etdim. Dedi ki, Ali Məhkəməyə kasasiya vermək üçün vəkil lazımdır. Onun iştirakı ilə dostu olan Abşeron hüquq məsləhətxanasının sədri Fərzəli İbrahimovla görüşdük. Fərzəli İbrahimov dedi ki, bu işi həll edəcək. Müqavilə bağlayıb 3 min dollar aldı. Dedi, Südabə xanımla (o dövrdə Ali Məhkəmənin sədri olub) danışıb, işi həll edəcəyəm. Bu gün də evsizəm, üstəlik, 3 min dollarım da əlimdən gedib".

Şikayətçi bildirir ki, Bakıda polis saxlayanda Ermənistanda aldığı sovet pasportunu göstərir və problemləri başlayır: “Polislərə düşdüyüm vəziyyəti uzun-uzadı izah etməkdən yorulmuşam. Burada mənzilim yoxdur ki, qeydiyyata düşüb, Azərbaycan pasportu alım. Azərbaycanlıyam, amma hələ də Ermənistanda qeydiyyatdayam.

Ermənistandakı evimizi Bakıdakı evə dəyişmişik. Qərar verib, bizi çıxarıblar. Sonra da qərarın icrasını dayandırıblar. Biz qanuna tabe olmuşuq. İndi də dövlət bizə evimizi versin. Vəkil Fərzəli İbrahimov pulumu alıb, zəhmət çəkib b işini görsün. 45 yaşım var. Evsizlikdən evlənə də bilmirəm. Əgər ev vermirlərsə, qaytarsınlar bizi Ermənistandakı evimizə".

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər