Sosial şəbəkələrdə vaxtaşırı xeyriyyə məqsədilə yaradılmış səhifələrə, paylaşılan statuslara rast gəlirik. Kimisi imkansız ailəyə yardım, kimisi fiziki qüsurlu insanlara kömək üçün aksiya keçirir, müraciətlər yayırlar.
Xeyriyyəçiliklə məşğul olanlarla yanaşı, insanların mərhəmət duyğusundan sui-istifadə edərək fırıldaq gələnlər də az deyil.
Cəmi 25 nəfər daimi xeyriyyəçi
Sosial şəbəkələrdə xeyriyyəçilik işlərinə baş vuran bir neçə şəxslə söhbətləşdik.
4 ildir xeyriyyəçiliklə məşğul olduğunu söyləyən Seyyid Əşrəf deyir ki, bu işi qarşılıq ummadan, fayda gözləmədən ehtiyacı olanlar üçün görmək lazımdır: “Belə fəaliyyət bizdən ötrü çətin və əziyyətli deyil, əksinə, xoşdur. Çünki bu əməllərlə Allah və bəndə qarşısında insanlıq borcumuzu yerinə yetirdiyimizi düşünürük. Köməyə möhtac insanları darda qoymamaq, onlara yardım göstərmək üçün isə dəstək lazımdır. Bu dəstəyin əhatəsi nə qədər geniş olsa, ondan daha çox adam yararlanar.
Fikrimcə, yardıma və mərhəmətə ehtiyacı olanlar bizim bu dünyada qarşılaşdığımız imtahandı. Necə ola bilər, kimsə yeməyə heç nə tapmasın, biz isə bunu bilə-bilə rahat yaşayaq?"
Xeyriyyə işi üçün sosial şəbəkədə elan verilməsindən danışan müsahibim deyir ki, onlara qoşulanlar köməyə ehtiyacı olan ailə tanıdığını bildirir, ancaq əvvəlcə araşdırma aparırlar: “Əlbəttə, sosial şəbəkə belə yardımlar üçün yalnız başlanğıc ünvanı sayılır. Yəni sosial şəbəkədə kimsə məlumat verir ki, belə bir ailə tanıyır, az təminatlıdır, vəziyyətləri yaxşı deyil... Biz də o ailənin evinə gedib məlumat əldə eləyirik, ailə üzvlərinin sayı və maddi durumlarına uyğun yardım göstəririk. Əgər ailə yaşayan ev yaxşı vəziyyətdə deyilsə, yüngül təmir işləri də aparmağa kömək edirik. Hər dəfə kömək edəcəyimiz insanlar fərqli olur.
Xeyriyyəçiliklə məşğul olan daimi üzvlərimizin sayı 25 nəfərə çatıb. Amma yardım göstərənlərin hamısı ailələrə baş çəkəndə bizə qoşulmur. Yəni 5 manat vermisən, vacib deyil ki, bizimlə ehtiyaclı ailənin evinə gedəsən. Biz işimizi vicdanla görürük. Hər bir yardımı öz ünvanına çatdırırıq".
Seyyid Əşrəfin sözlərinə görə, onlar əsasən 1 aylıq ərzaq yardımı edirlər: “Əgər ailədə xəstə varsa, məbləği böyük olmamaq şərti ilə xəstəyə də müəyyən maliyyə köməyi göstəririk. Kommunal ödənişə də kömək olunur. Biz istəyirdik ki, Qeyri-Hökumət Təşkilatı kimi fəaliyyət göstərək. Amma belə bir təşkilatın yaradılması və qeydiyyatı üçün kömək və dəstək lazımdır”.
Ülkər Atakişiyeva sosial şəbəkədə yaradılmış xeyriyyə aksiyalarında aktiv iştirak edən gənclərdəndir. Deyir ki, xeyriyyə məqsədi güdən aksiyanı “facebook”da təsadüfən tapıb, sonra bu işlə yaxından maraqlanıb: “Əvvəllər belə təşəbbüslərə şübhəylə yanaşırdım. Xeyriyyə təşəbbüsünə qoşulanlardan biri tanışım çıxdı. Soruşdum, o da həmin aksiya təşkilatçısına inana biləcəyimi bildirirdi.
Sonra yoxlamaq üçün dedim ki, olarmı mən də sizinlə yardım aparılan ailəyə baş çəkim? Bildirdilər ki, əlbəttə, xeyriyyə zamanı kim istəsə, gələ bilər. Hər şeyi gözümlə görəndən sonra aksiyalara davam dedim.
Ehtiyaclı insanlara yardım göstərilən zaman onların necə sevindiyini gərək gözünüzlə görəsiniz. Mənim özümün də tanıdığım bir imkansiz ailə var. Xahiş edəcəm, həmin ailəyə də yardım etsinlər".
10 manatdan 60 könüllü
Fiziki məhdudiyyətli, imkansız istedadlı gənclərin əl işlərini nümayiş etdirməkdən ötrü başladılan kampaniya təşəbbüsü isə Sevinc Əlizadədən gəlib.
Sevinc Əlizadənin sözlərinə görə, sağlamlıq imkanları məhdud, imkansız, lakin istedadlı gənclərin əl işlərinin sərgisini təşkil etməkdən ötrü dəstəyə ehtiyac var: “Çoxlarımıza cüzi məbləğ kimi görünən bu pullar həyat yolunda ləng addımlamağa məhkum insanların ən böyük arzusunu reallaşdıra bilər. Bunun üçün 10 manatını əsirgəməyən 60 könüllü lazımdır. Hazırda 430 manat pul yığılıb və təxmini 200 manat çatmır”.
“Qanun qəbul edilməsi vacibdir”
Hüquqşünas Samir İsayev deyir ki, sosial şəbəkələrdə xeyriyyəçilik məqsədilə açılan səhifələr qanunvericilikdə tənzimlənmir: “Düzdür, Milli Məclisə xeyriyyəçilik haqqında qanun layihəsi təqdim olunmuşdu, amma həmin layihə hələ qəbul olunmayıb. Hazırda bu fəaliyyətlə bağlı məsələ kifayət qədər açıqdır.
Yalnız hüquqi cəhətdən iki qrupun xeyriyyəçilik işi ilə məşğul olması tənzim olunur. Fiziki şəxslərdir ki, onlar vergidən azad olunurlar. Məsələn, biz xeyriyyəni bank vasitəsi ilə etsək, gəlir vergisi tutulur. Amma Azərbaycanda gəlir vergisi fiziki vətəndaşlardan tutulmadığı üçün bu baxımdan ciddi bir boşluq var.
“Xeyriyyə təşkilatı” anlayışı özü Azərbaycanda qeyri-müəyyəndir. Məsələn, bu gün istənilən QHT iddia edə bilər ki, xeyriyyə təşkilatıyam. Amma onların bu cür təşkilat olmasını sübuta yetirən qanunvericilik yoxdur. Dünya təcrübəsində isə xeyriyyə təşkilatlarına güzəştlər edilir və onlar əksər vergilərdən azad olunurlar. Hesab edirəm ki, Azərbaycanda da bu cür qeyri-müəyyənliyi aradan qaldırmaq üçün müvafiq qanun qəbul edilməlidir".
Hüquqşünasın sözlərinə görə, fırıldaqçılara aldanmamaq üçün insanlar özləri araşdırma aparmalıdırlar: “Hər hansı fiziki şəxs pul yardımı edibsə, onun haqqı var, çek tələb etsin və pulun hara xərclənməsi ilə bağlı açıqlama istəsin. Ödədikləri məbləğin hara sərf olunduğunu insanlar özləri araşdırmalıdır.
Bəzən bank hesabı təqdim etdikdə düşünürlər ki, bu, təkzibolunmaz sübutdur. Halbuki bu məntiq düzgün deyil. Çünki banka 15-20 manat ödəməklə hesab açmaq olur. Hesaba yatan pulun hara xərclənməsi isə bankı maraqlandırmır. Bu baxımdan xeyriyyəçilik fəaliyyətinə qoşulan hər bir şəxs məsuliyyəti özü daşıyır".
İlhamə Əbülfət